20.12.2018

"Şagirdlərim tədris etdiyim fənni çox sevir, hətta gələcəkdə həmkarım olmaq istəyən kifayət qədər gənc nəsil yetişir." - Gənc müəllimlərimizdən Elmar Abbaslı

Elmar Abbaslı 1983-cü il tarixində İmişli rayonunda anadan olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin kimya-biologiya fakültəsini bitirib. 2005-ci ildə İmişli şəhər 7 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb.  2013-cü ilədək orada çalışan Elmar müəllim həmin ildə yerdəyişmə edərək Göygöl rayon Pənahlılar kənd tam orta məktəbində çalışıb. Kənd məktəbi, əvvəlki şagirdləri haqqında xoş xatirələrini bizimlə bölüşən Elmar müəllim 2018-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək 58 balla Gəncə şəhər 10 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.

-Elmar müəllim siz kənd məktəbində də çalışıbsınız şəhər məktəbində də, bir pedaqoq kimi sizcə şagirdlərin kənddə və ya şəhərdə yaşaması onların təhsilinə təsir edirmi?

-Təhsilimizin inkişaf etməsi, müasir məktəblərin, qabaqcıl madii-texniki baza ilə təmin olunması kənd və şəhər məktəbi fərqini tam olaraq aradan qaldırır. Şagidlərin təhsilə marağına gəldikdə isə, kənd mühitində yaşayan uşaqlar daha çox kənd təəssərüfatı ilə məşğul olduqları üçün müəyyən mənada təhsilə cəlb olunmada problemlər yaşanır. Ancaq 5 il kənd məktəbində çalışan bir müəllim olaraq deyə bilərəm ki, şagirdlərimizin istər dərsə davamiyyəti, istərsə də dərsə hazırlıqlı gəlməklərində heç bir problem yaşanmırdı.

-Şagirdin fomalaşması üçün müəllim-şagird-valideyn üçlüyü çox mühüm hesab olunur. Bəs siz valideynlərlə münasibətlərinizi necə tənzimləyirsiniz?

 -Valideynlər övladlarının dərsləri ilə kifayət qədər məşğul olurlar. Müəyyən vaxtlar valideyn iclasları təşkil olunur, məktəbin bütün müəllimləri bu iclaslarda iştirak edərək, şagirdlərin inkişaf perspektivləri, təhsil göstəriciləri barədə valideynlərlə müzakirələr aparılır.  Ümumiyyətlə müəllim-valideyn münasibətlərini doğru istiqamətə yönəltmək, müəllimin peşəkarlığının göstəricisidir. Bu peşəkarlığın daha da şaxələnməsi isə valideyndən asılıdır.

-Kimya fənni izah tələb edən, eyni zamanda çox maraqlı bir fənndir.   Fənninizin tədris səviyyəsi necədir?

-Kimyanın tədrisi zamanı şagirdlərə bu elmə maraq, riyazi hesablamalar, yeni texniki vasitələrdən istifadə etmək, təbiətdə baş verən hadisələri, maddi aləmdə gedən dəyişiklikləri dərk etmək, həyatda, məişətdə ekoloji problemlərin həllində iştirak etmək bacarığı aşılamağa çalışıram. Şagirdlərim tədris etdiyim fənni çox sevir, hətta gələcəkdə həmkarım olmaq istəyən kifayət qədər müəllim yetişir.

-Şagirdləriniz “Kimyanı niyə öyrənirik?” sualını sizə ünvanlasalar cavabınız nə olar?

-Kimya həyatın özüdür. Mən onlara aldıqları havanın, içdikləri suyun tərkibini izah edərəm. Həyatımızın elementlərdən və hissəciklərdən ibarət olduğunu bildirərəm. Düzü, əvvəl kimyanı sevməyən, şagirdlərim var idi. Ancaq mən onlara müəyyən reaksiyalar və tərkibləri əyani şəkildə izah etdikdən sonra,  ən sevimli fənləri məhz kimya oldu.

-Müəllim olmaq üçün hansı kriteriyalar mütləqdir?

-Müəllim ilk öncə səbirli olmalıdır. Cəmiyyətin inkişaf etdiyi bir dövrdə şagirdlər çox aktivləşib, inkişaf edərək, yeniliklər əldə edirlər. Belə olan halda müəllim daha da çox öyrənməli, mütəmadi olaraq yeniliklərə açıq olmalıdır. Müəllim olaraq biz, öz ixtisasımızı mükəmməl bilməliyik. Şagirdlərin rəğbətini və diqqətini qazanmaq istəyiriksə, dərsləri maraqlı və özünəməxsus qurmalıyıq. Dərs prosesində mütləq ki, müasir yanaşmalar tətbiq etməklə, şagirdlərdə şifahi nitq vərdişlərinin formalaşmasına çalışmalı, müstəqil tapşırıqları yerinə yetirmək bacarığını formalaşdırmalıyıq.

-Gənc müəllimlərə, müəllim olmaq istəyən tələbələrə və ya bakalavrlara nə demək istəyərsiniz?

-Əgər illər sonra geriyə baxdığınız zaman “Nə yaxşı ki, bu peşəni seçdim” demək istəyirsinizsə, o zaman mütləq ki, müəllim olun. Eyni zamanda, onlarla bəzən yüzlərlə şagirdin xəyallarının memarı. Bütöv şəkildə isə, eyni sayda ailənin həyatının memarı olmaq istəyirsinizsə ən müqəddəs peşə olan müəllimliyi seçsinlər.