27.02.2019

“Yaxşı müəllim həqiqəti öyrədər, əsl müəllim isə həqiqəti tapmağı”- Gənc müəllimlərimizdən Aygül Qurbanova

Aygül Qurbanova 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. 2009-cu ildə 657 balla Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsinə qəbul olub. 2013-cü ildə həmin fakültəni bitirərək magistraturaya qəbul olub. 2015-ci ildə magistratura pilləsini fərqlənmə diplomu ilə başa vuran Aygül müəllim 2017-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində 58 bal toplayaraq Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksində pedaqoji fəaliyyətə başlayıb. Aygül müəllimlə olan müsahibəni təqdim edirik.

-Müəllimlik peşəsinə maraq  sizdə necə yaranıb?

-Müəllim olmaq mənim ən böyük arzum idi. Bu peşəni çox sevirəm. Şagirdlərimlə məşğul olduqca, onlara nələrisə öyrətdikcə mən özümü xalqım üçün çalışan bir şəxsiyyət kimi hiss edirəm. Öyrətmək, öyrənmək və inkişaf etdirmək, onlarla, bəzən də yüzlərlə şagirdin sevimlisinə çevrilmək istəyi məndə bu peşəyə olan marağı daha da artırdı.

-Əsl müəllim olmaq nə deməkdir?

-Belə bir söz var ki, “Yaxşı müəllim həqiqəti öyrədər, əsl müəllim isə həqiqəti tapmağı”. Düzdür mən özümə əsl müəllim deyə bilmərəm. Çünki bilirəm ki, hələ çox yol qət etməliyəm. Amma mən fənnimi tədris edən zaman çalışıram ki, şagirdlərimi əzbərçilikdən daha çox düşünməyə sövq edəm. Riyaziyyat elə bir fəndir ki, burada hər zaman düşünmək, bir məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Yeniliklərə açıq olan, səmimi davranan, hər zaman şagirdlərinə vaxt ayıran, mükafat və cəzanı yerində istifadə edə bilən, dərsini müasir üsul və vasitələrlə tədris edən müəllim mənim fikrimcə əsl müəllimdir.

-Müəllim yaradıcı olmalıdır, siz şagirdlərdə maraq artırmaq üçün nə edirsiniz?

-Çalışıram şagirdlərim arasında sağlam rəqabət yaradım. Onlar üçün kiçik yarışlar təşkil edirəm, sınaqlar hazırlayıb, şagirdlərin nəticələrini qiymətləndirirəm. Dərslikdəki layihə işlərini şagirdləri qruplara ayırmaqla işlədirəm. Riyazi təfəkkürün inkişafı üçün isbat, araşdırma xarakterli çalışmalar həll etdirirəm. Təsəvvür edin, dərslikdə hazır verilmiş düsturu mənim istiqamət verməyimlə şagirdlər müstəqil şəkildə həll edirlər. Bu zaman özlərini ciddi bir kəşf etmiş “alim” kimi hiss edirlər və bacarmaq hissinin verdiyi zövq fənnə yüksək həvəs yaradır.

-Ev tapşırıqlarının yerinə yetirilməsi zamanı müəyyən şagirdlərdə problemlər yaranır. Bəs siz bu prosesi necə tənzimləyirsiniz?

-Şagirdlərimə daha çox müəyyən mövzuları araşdırılması üçün tapşırıqlar verirəm. Biz müəllimlər, şagirdlərə araşdırılmalı, oxumağa sövq edən, onlarda öyrənməyə maraq artıracaq bəzən də əyləndirəcək tapşırıqlar verməliyik. Unutmamalıyıq ki, bir müəllimin şagirdinə bəxş edə biləcəyi ən böyük miras onda oxuma və araşdırma zövqü və marağı formalaşdırmaqdır. Tapşırıqlar şagirdlərin məktəbdən kənar zamanlarda, müəllim rəhbərliyindən kənarda etdikləri araşdırma fəaliyyətləridir. Şagirdlərin tapşırıqlarına müəllimlərlə bərabər mütəmadi olaraq valideynlər də nəzarət etməlidirlər. Bu halda şagirddə həm məsuliliyyətlilik hissi inkişaf edəcək, həmçinin də səhvlərini pilləli şəkildə öyrənmiş olacaqlar.

-Şagirdləriniz sizi sevir, onların sevgisini necə qazanıbsınız?

-Belə bir fikir var ki, işini sevməsən, nəticə əldə edə bilməzsən. Bir müəllimin nəticə əldə etməsi, onun şagirdləri ilə münasibətindən asılıdır. Məlumdur ki, kurikulum şagirdyönümlüdür, dərs prosesində əsas istiqamətdə şagird dayanır. Onun müstəqil və demokratik şəkildə öz fikrini ifadə edə bilməsi, dərs prosesində yenilikləri sevərək öyrənməsi vacib məsələlərdən biridir. Bunun üçün ilk gündən etibarən şagirdlərimlə mehriban münasibə yaratmışam. Belə kİ, onların müəllimi həmçinin də dostuna çevrilmişəm. İstəyirəm ki. şagirdlərim mənimlə problemlərini bölüşə bilsinlər. Yanız bu zaman şagirdlər müəllimlərinə inanaraq, onların müəyyənləşdirdiyi istiqamətdə özlərini inkişaf etdirəcəklərdir. Şagirdlərimin sevgisini həqiqətən hiss edirəm. Mən də onları çox sevirəm. Ən dəcəlini, ən şıltağını, ən tənbəlini belə. Əslində mənə peşəmi sevdirən də onlara olan böyük sevgimdir.

-Müəllim-şagird-məktəb münasibətlərinin inkişaf etməsi ümün vacib olan nədir?

-Düşünürəm ki, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması ilk olaraq ailədən başlayır. Valideynlərin məktəbə və müəllimə münasibəti şagirdə çox böyük təsir edir. Digər tərəfdən bu münasibətlərə təsir edən ən böyük amil müəllimin şagirdlərinə və təlim-tərbiyə işinə yanaşmasıdır. Məncə əsas məsələ şagirdin kiçik dünyasına enib ona səmimiyyətlə nələrisə öyrətməkdir.