Sual: Uşaqların I sinfə qəbulunun qanunvericilik əsasları
Cavab: Uşaqların I sinfə qəbulu “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə, Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 06 noyabr 2014-cü il tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na və digər hüquqi normativ aktlara əsasən həyata keçirilir.
Sual: Məktəblərin seçimi hansı qaydada aparılır?
Cavab: Valideyn (digər qanuni nümayəndə) uşağının təhsil almasını arzu etdiyi məktəbi müəyyənləşdirməli və elektron sistemdə onu siyahıya daxil etməlidir.
Sual: 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu hansı əsaslarla və nə vaxt aparılır?
Cavab: Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nin təsdiq edilməsi barədə 17 iyul 2013-cü il tarixli, 739 nömrəli əmrin 3-cü bəndinə əsasən hər il 16 sentyabr-31 dekabr müddətində 6 yaşı tamam olacaq uşaqlar müsahibəyə cəlb edilirlər. Həmin əmrin 8-ci bəndinə əsasən müsahibə komissiyaları rayon (şəhər) təhsil şöbələrinin (idarələrin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilməlidir.
Sual: Uşaqların yerləşdirilməsi necə həyata keçirilir?
Cavab: Məktəbdə fəaliyyət göstərən şagird qəbulu üzrə işçi qrupdan müsbət rəy aldıqdan sonra.
Sual: Ailə vəziyyəti ilə bağlı kənd məktəbindən şəhər məktəbinə iş yerini necə dəyişmək olar?
Cavab: Bir rayon (şəhər) daxilində müəllimlərin yerdəyişməsi məsələsinə rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən baxılır. Bir rayondan (şəhərdən) digər rayona (şəhərə) iş yerinin dəyişdirilməsi üçün isə ərizə ilə Təhsil Nazirliyinə müraciət edilməlidir. Təhsil Nazirliyi tərəfindən müraciətə baxılır və aparılan araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq cavab verilir.
Sual: Gənclərin təhsilə marağını daha da artırmaq üçün magistrlərin işə qəbulu zamanı müəyyən güzəştlər tətbiq edilə bilərmi?
Cavab: İşə qəbul zamanı magistrlər üçün heç bir güzəşt və ya imtiyaz nəzərdə tutulmamışdır. Lakin ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı hər bir müəllim öz əməyinin nəticələrinə görə qiymətləndiriləcək. Belə olduğu halda digər müəllimlərlə yanaşı, magistr dərəcəsi olan müəllimlərin də maddi və mənəvi cəhətdən fərqli qiymətləndirilməsinə imkan yaranacaqdır.
Sual: Müəllimlərin işə qəbulu üçün imtahan nəyə görə keçirilir? Bunun vacibliyi zərurəti haradan yaranıb?
Cavab: Ümumiyyətlə, beynəlxalq təcrübədə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş mexanizmlər tətbiq edilir. Belə bir mexanizmin tətbiqinin zəruriliyi bir sıra amillərlə bağlıdır. Təhlillər göstərirdi ki, ehtiyac olmadan məktəblərə az dərs saatlarına, bir sıra hallarda isə saxta, dövlət nümunəli olmayan təhsil sənədləri ilə müəllimlər qəbul edilir və bu zaman onların peşəkarlıq səviyyəsi yoxlanılmır. Bu da təhsilin keyfiyyətinə mənfi təsir edirdi. Digər səbəb ondan ibarətdir ki, bir vakant yerə yüzlərlə müəllim iddia edir və seçim aparmaq üçün mərkəzləşdirilmiş imtahan mexanizmi tətbiq edilir.
Sual: Hazırda ümumtəhsil məktəblərində çalışan müəllimlərin hesabına müxtəlif ixtisaslara olan tələbatın ödənilməsi mümkündürmü və bu sahədə fəaliyyət nəzərdə tutulurmu?
Cavab: Əlavə təhsil fəaliyyətinin ən mühüm istiqamətlərindən biri də yenidənhazırlanma təhsilidir. Hazırda müxtəlif ali təhsil müəssisələrində istər pedaqoji, istərsə də qeyri-pedaqoji ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Bu zaman yenidənhazırlanma təhsilinə müraciət edənlərin ilkin baza ixtisasları ilə yenidənhazırlanmaq istədikləri ixtisaslar arasındakı uyğunluq tələbi nəzərə alınır.
Sual:Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsində məqsəd nədir? Ötən il diaqnostik qiymətləndirmədən keçə bilməyən müəllimlər üçün təlimlər təşkil edilibmi?
Cavab: Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında müvafiq olaraq inkişafyönümlü təlimlərə cəlb edilməsidir.
İlk dəfə Bakı şəhərində keçirilən diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlər müvafiq təlimlərə cəlb edilib. Təlimlər bitdikdən sonra həmin kontingent yenidən imtahan verib və yüksək nəticə göstərib.
Sual:Dövlət sifarişi ilə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün hansı güzəştlər nəzərdə tutulur?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli və 15.08.2014-cü il tarixli 279 nömrəli Qərarlarına əsasən dövlət sifarişi ilə ümumi təhsil müəssisələrində (kənd rayonlarında yerləşən) əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya, rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 il müddətində aylıq əməkhaqqına ayda 100 manat məbləğində əlavə ödənilməsi nəzərdə tutulub. 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətində kompensasiya və əməkhaqqına əlavə ödənilməsi nəzərdə tutulub.
Sual:Bu il müəllimlərin işə qəbulu üzrə imtahanlar nə vaxt keçiriləcək? Vakant yerlərin sayı müəyyənləşdirilibmi?
Cavab: Müəllimlərin işə qəbulu və iş yerinin dəyişdirilməsi üzrə müsabiqələr hər il olduğu kimi, bu il də tədris ilinin sonu keçiriləcəkdir. Respublikanın ümumi təhsil müəssisələrində vakant yerlər haqqında məlumatlar hər tədris ilinin sonunda Təhsil Nazirliyinə təqdim olunur.