12.06.2019

"Hər bir müəllim çalışmalıdır ki, şagirdləri onu sevsin" - gənc müəllimlərimizdən Günay Bayramova

Günay Bayramova 1983-cü ildə Gəncə şəhərində anadan olub. 2000-2004-cü illərdə Gəncə Dövlət Universitetinin riyaziyyat və informatika fakültəsində təhsil alıb. 2006-cı ildən Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta məktəbdə informatika müəllimi olaraq çalışır. Müxtəlif vaxtlarda “Kompyuter və İnformatikanın əsasları”, “İnformasiya Texnologiyaları Akademiyası” və digər mövzularda olan layihə və təlimlərdə iştirak edib.           

Günay müəllimə ilə olan söhbətimizi təqdim edirik;

-Peşənizi sizə ən çox sevdirən nədir?

-Müəllimlik çox şərəfli ,məsuliyyətli, çətin, müqəddəs və gələcək nəslin cavabdehliyini çiyinləri üzərində daşımağa imza ataraq bu yolda heç bir çətinlikdən qorxmayan, zəhməti, fədakarlığı hesabına özünə inanan insanlar sayəsində var olan bir peşədir. Bütün peşə sahiblərini müəllim yetişdirir. Öyrətməyi sevirəm və şagirdlərimin dərsimi çox yaxşı başa düşdükləri dərs mənim üçün toy-bayram olur. O anı sözlə ifadə etmək çox çətindir. Bir sözlə şagirdlərimi öyrədərkən mənən zövq alıram. Peşəmi ən çox mənə sevdirən şagirdlərimdir.

-Əsl müəllim olmaq nə deməkdir?

-Əsl müəllimin pedaqoji fəaliyyəti prosesində uğur və nailiyyətlərinin göstəriciləri xüsusi meyarlarla ölçülməli, tələb olunan standartlara cavab verən səviyyədə olmalıdır. Müəllim işini ilk növbədə özünü motivasiyadan başlamalıdır. Müəllim öz qabiliyyəti, davranışı, geyimi, danışıq tərzi, tədrisdə seçdiyi üsul və vasitələri, öyrənməyə həvəs göstərməsi ilə şagirdi cəlb etməlidir. Biz şagirdin idrak proseslərinə; duyğular, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyülünə bilavasitə təsir etməyi bacarmalıyıq. Şagirdin fərdi-psixoloji vəziyyətlərini, onun maraq və tələblərini, nailiyyət səviyyəsinə təsir edən mənfi amilləri aradan götürməkdə usta olmalıyıq. Şagird müəllimə inanmalıdır, daha dəqiq, müəllim inandırıcı olmalıdır.

-Şagirdləriniz sizi sevir, onların sevgisini necə qazanıbsınız?

-Hər bir müəllim çalışmalıdır ki, şagirdləri onu sevsin. Fənnə olan sevgi müəllimə olan sevgidən başlayır. Mənim şagirdlərimlə münasibətim təkcə müəllim-şagird münasibəti deyil. Düşünürəm ki, müəllim yalnız sinfə girərək dərsini keçib getməməlidir. Müəllim yeri gəldikdə şagirdləri ilə yaxın dost, yoldaş, yeri gəldikdə ciddi, yeri gəldikdə mülayim və səmimi olmalıdır. Bəzən elə şagirdlərim olub ki, heç kəslə bölüşmədikləri problemlərini, hətta valideynlərinə belə deyə bilmədiklərini mənimlə bölüşüblər və mən də əlimdən gəldiyi qədər yardım etməyə çalışmışam. Belə hallarda qürur hisi keçirirəm ki, deməli mən nələrəsə nail olmuşam. Şagirdlərimə kömək edə bildiyim zaman keçirdiyim o hissləri sözlə ifadə etmək çətindir. Bu zaman anlayıram ki, yaxşı ki, bu peşəni seçmişəm. Ruhum şagirdlərimin sevgisi ilə qidalanır.

-Tədris etdiyiniz fənnə şagirdlərdə maraq yaratmaq üçün nə edirsiniz?

-Öyrətməklə yanaşı öyrənməyi sevirəm. Düşünürəm ki, müasir müəllim heç vaxt bildikləri ilə kifayətlənməməli, öz üzərində işləməli, daima bilik səviyyəsini və dünya görüşünü artırmalı və bir sözlə yenilikçi olmalıdır.  Yenilikləri fənninə gətirərək maraq qatmalıdır.

-Müəllim-şagird-məktəb münasibətlərinin inkişaf etməsi üçün vacib olan nədir?

-Düzgün qurulmuş müəllim-şagird münasibətləri şagirdlərin təlimə marağının artmasında mühüm vasitədir. Qarşılıqlı ünsiyyət şagirdlərin fəallığını artırır, kollektiv şəkildə işləməyə istiqamət verir. Müəllimdə bu tip keyfiyyətlərin olmaması təhsil sistemində şagird-müəllim problemlərinin yaranmasına gətirib çıxarır. Təlimdə keyfiyyətin əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən "müəllim - şagird" münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır.

-Bildiyimiz kimi siz müxtəlif layihələrdə çalışır bu sahədə müəyyən yeniliklər etmisiniz bu barədə nə deyərdiniz?

-Şagirdlərimlə birlikdə bir çox öyrədici Beynəlxalq layihələrə qatılmış və uğur qazanaraq sertifikat əldə etmişik. Şagirdlərim layihələrdə çalışmağı çox sevirlər. Bu layihələrdə nə qədər başqa ölkələrin müəllim və şagirdləri ilə birgə işləyərək, əməkdaşlıq etmişik. Bir-birimizlə dərs metodumuzu paylaşmışıq. Bu layihələr də şagirdlərin və mənim dünya görüşümüzə, keçdiyimiz dərsin keyfiyyətinə öz müsbət təsirini göstərib. İştirak etdiyimiz layihələrdən daha çox yadda qalanı “İnnovate your dreams-2019” layihəsidir ki, bu layihə şagirdlərin öyrənmə və yaratma bacarıqlarını üzə çıxarmağa xidmət göstərən STEM layihə idi. Hazırda “My magical dust-2019” Beynəlxalq Layihəsində ölkə koordinatoruyam və Azərbaycanı təmsil edirəm və bundan qürur duyuram. Bu layihədə 7-18 yaş şagirdləri əhatə edərək, şagirdlərdə psixoloji vəziyyətin yaxşılaşdırılması və depressiya vəziyyətinin aradan qaldırılması və həmçinin şagirdlərdə kosmik biliklərin inkişaf etdirilməsinə xidmət edir.

-İnformatika fənni maraqlı eyni zamanda çətin fənndir, şagirdiniz niyə riyaziyyat fənnini öyrənməliyəm deyə sual versə cavabınız nə olardı?

-Bəli düz vurğulayırsız. İnformatika həm maraqlı və həm də çətin fənndir. Bəzən mövzulara maraq yaratmaq üçün əyləncəli elementlərdən istifadə etmək gözəl nəticə verir. Elə etmək lazımdır ki, dərsdə istifadə edilən əyləncə elementləri şagirdlərin təfəkkür fəaliyyətini stimullaşdırsın, onları düşünməyə, yaradıcılığa, tədqiqata sövq etsin. Yəni şagird dərsdə nəyi isə özü öyrənsin.Şagirdlərdə müstəqil fəaliyyət bacarığını inkişaf etdirmək yollarından biri də dərslik üzərində müstəqil işdir. Müstəqil iş yerinə yetirildikdən sonra şagirdlərlə birlikdə təhlil olunmalı, nöqsan və çatızmazlıqlar qeyd olunmalıdır. Müstəqil fəaliyyətə sövq edən tapşırıqlar şagirdlərdə düşünmə qabiliyyəti, müstəqil qərarlar qəbul etmək kimi mühüm bacarıqlar formalaşdırmaqla yanaşı fənni də sevdirir. Riyaziyyatı sevdirməyin yollarından biri də şifahi hesabı inkişaf etdirmək, əyləncəli yollarla tez hesablamaq bacarığını aşılamaqdır.

 


Açar sözlər: ,  ,