Rəşad Qədirov 1988-ci ildə Şəki rayonunun Sarıca kəndində anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Müəllimlər İnstutunun Şəki filialının Fizika-riyaziyyat fakültəsində təhsil alıb. 2017-ci ildə Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Gəncə şəhər N.Rəfibəyli adına 43 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi olaraq pedaqoji fəaliyyətə başlayıb. 2017-2019-cu illərdə Gəncə şəhəri üzrə təhsil meneceri vəzifəsində çalışan Rəşad müəllim Menecer kimi fəaliyyət göstərdiyi müddətdə Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi üzrə "Fənn müsabiqələrinə hazırlıq qrupunun yaradılması” layihəsi ilə qalib olmuşdur.
Gənc müəllim 2019-cu tədris ilindən etibarən Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Gəncə şəhərindəki filialına kordinator təyin edilib.
-Rəşad müəllim qalib olduğunuz qrant layihə çərçivəsində hansı işlər görülüb, və bu işlər şagirdlərin fənn müsabiqələrindəki nəticələrinə necə təsir edib?
-Məlumdur ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir. Buna uyğun olaraq Gəncə şəhər ümumtəhsil məktəblərində "Fənn müsabiqələrinə hazırlıq qrupunun yaradılması” layihəsi böyük maraqla qarşılanmışdır. Həmin layihə çərçivəsində iştirak edən şagirdlər həmin tədris ilində yüksək nəticələr əldə ediblər. Belə ki, layihədə iştirak edən şagirdlər fənn müsabiqələrinin respublika mərhələsində 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər. Mənim fikrimcə bu ocra etdiyimiz layihənin ən böyük uğurudur.
-Riyaziyyat fənninin digər fənlərdən fərqi nədən ibarətdir?
-Riyaziyyat hər kəsə, düzgün və dəqiq fikirləşməyi öyrədir. Az və əsas danışmaq kimi bir xüsusiyyət formalaşdırır. Hər hansı bir şəxs saatlarla danışıb, insanlar üçün o qədər də vacib olmayan məlumatlar verə bilər, ancaq riyaziyyatçı hər zaman əsas məlumatları, qısa müddətə çatdırmağı bacarır. Bundan başqa riyaziyyatçı, araşdırma etməyi sevən biridir. Yəni qarşılaşdığı hər hansı bir sualı, və ya naməlum olan bir mövzunu tam dəqiqliyi ilə öyrənmədən o mövzunun üzərindən keçməz. Öyrənməyi, düşünməyi, sorğulamağı və araşdırmağı biz şagirdlərimizə dərindən öyrətməliyik. Onlar bilməlidirlər ki, heç də bütün mövzular hazır formada öyrənməyimiz üçün bizə təqdim edilməməlidir. Biz araşdırıb öyrənib təkmilləşməliyik. Çünki riyaziyyat elə bir fənndir ki, o təxmin etməyi sevmir, dəqiqliklə həyata keçirilməyi sevir.
-Məlumdur ki, respublikamızın müxtəlif şəhər və rayonlarında lisey siniflər fəaliyyətə başlayıb. Siz də Gəncə şəhərində fəaliyyət göstərən lisey siniflərinə kurator təyin edilmisiniz. Bu sahədə hansı işlər görülür və şagirdlərin yeni siniflərə marağı necədir?
-Yeni yaradılan lisey siniflərinə şagird qəbulu iki mərhələdə aparılıb. İlkin mərhələdə fənn müsabiqəsi qalibləri birbaşa lisey siniflərdə oxumaq şansı qazanıblar. İkinci mərhələdə isə 6, 7, 8 və 9-cu siniflərin şagirdləri imtahanlarda iştirak edərək göstərdikləri nəticəyə uyğun lisey siniflərində təhsil almaq hüququ əldə ediblər. Bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılması məqsədilə təşkil olunan lisey siniflərində tədris yüksək səviyyədə həyata keçirilir. Burada çalışan müəllimlər Müəllimlərin işə qəbulu və ya Diaqnostik Qiymətləndirmə balı, həmçinin tədrisdəki bacarığı nəzərə alınaraq seçiliblər. Artıq tədrisin ikinci həftəsindəyik, şagirdlərimiz dərsə böyük maraq göstərirlər. Ümid edirik ki, bu tədris ilində Respublika fənn müsabiqələrində Gəncə məktəbliləri yüksək nəticələr əldə edəcəklər.
-Müəllim üçün ən böyük stimul nədir?
-Birmənalı olaraq ən böyük stimul şagirdlərin nailiyyətidir. Məktəbdən və istənilən təhsil müəssisəsindən gözlənilən onun uğurlu nəticəsidir. Müəllimin isə ən böyük istək və arzusu yüksək nəticə əldə edən, şəxsiyyətlər yetişdirməkdir. Şəxsiyyət sözünü əbəs yerə səsləndirmədim. Biz müəllimlər ilk öncə xalqımız və dövlətimiz üçün yüksək dünyagörüşlü, ətrafına qarşı hörmətli şəxsiyyətlər yetişdirməliyik. Əgər biz sinifdə 20 şagird təhsil alırsa onların hamısı ali təhsilli olacaq deyə bir şərt yoxdur. Ancaq onların hər biri vətənini sevən şəxsiyyət kimi yetişməlidirlər.
-Gənclərə, tələbələrə, gələcəkdə müəllim olmaq istəyən hər kəsə nə demək istərdiniz?
-Mən ümumtəhsil məktəbini bitirdiyim vaxt qarşıma bir məqsəd qoydum ki, müəllim olmalıyam. Çünki öyrətməyi çox sevirdim. Öz müəllimlərimdən gördüyüm diqqət və dəstəyi məndə şagirdlərimə göstərmək istəyirdim. Çox sevinirəm ki, artıq buna nail olmuşam.