10.12.2019

Gənc müəllimlərimizdən Elvin Bəkirov - "Müəllim olmaqla insan öz ölkəsinin, şəhərinin və ən azından ətrafının həyatını dəyişir."

Elvin Bəkirov 1985-ci ildə Gəncə şəhərində anadan olub.  2009-cu ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakultəsini bitirdikdən sonra 2011-ci ildə Müəllimlərin işə qəbulu müsabiqəsində iştiak edərək Şəmkir rayon Pravda kənd tam orta məktəbində İngilis dili müəllimi olaraq pedaqoji fəaliyyətə başlayıb. 2014-cü ildə yerdəyişmə edərək Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseydə fəaliyyətini davam etdirib. 2016-cı ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak edən Elvin müəllim tam nəticə göstərərək 60 bal toplamışdır. Həmin il Təhsil nazirliyinin xətti ilə Malayziyada keçirilən 2 aylıq təcrübə proqramında iştirak edən gənc müəllim 2017-ci ildə İndiana Universitetində keçirilən Qafqazın Gənc Liderləri proqramı üzrə 2 aylıq təcrübə proqramında iştirak edib. Müəllimlərin təkmilləşdirilməsi və inkişafı (TEA) proqramının qalibi olan Elvin müəllim Amerika Birləşmiş Ştatlarında keçirilən və 80 ölkənin nümayəndəsinin iştirak etdiyi beynəlxalq təlimdə qabaqcıl müəllim kimi iştirak etmişdir.

Şagirdləri yüksək nəticə göstərən Elvin müəllimlə olan müsahibəmizi təqdim edirik.

-Elvin müəllim, bu peşəyə həvəs sizdə necə formalaşdı?

-Hər bir kəs kimi mən də, orta məktəbdə təhsil alan müddətdə “Hansı peşəyə sahib olum?” deyə düşünürdüm. İnsanın peşə seçiminə hər bir hadisə fərqli şəkildə təsir edir. Mən elə bir ixtisas seçmək istəyirdim ki, gələcəkdə ölkəmə faydalı olum. Müəllimlərimdən ilham alaraq daha faydalı, daha çox insanın həyatına təsir edə biləcəyim bir peşəni “Müəllim” liyi seçmək qərarına gəldim. Bu fikir orta təhsil aldığım 11 il ərzində müxtəlif sahələrə yönəldi. Ancaq istənilən halda, müəyyənləşdirdiyim, əsas və vacib hesab etdiyim müəllimlik peşəsi idi. Çünki öz müəllimlərimi sevirdim və onların müqəddəs amalları mənə yol göstərirdi.

-İngilis dili fənninin tədrisində vacib olan məsələlər hansılardır? Siz hansı üsul və vasitələrdən istifadə edirsiniz?

-Bütün fənlərin öyrətmə üsulları müəyyən dərəcədə fərqlənir. Belə ki, ingilis dilinə yanaşdığımız formada biz, nə ədəbiyyat fənninə nədə ki, riyaziyyat fənninə yanaşa bilmərik. Bəzi fənlərdə praktika vacibdir bəzilərində isə nəzəriyyə.

İngilis dili fənninin tədrisində ən vacib məsələlərdən biri şagirdlərin dinləmə bacarıqlarıdır. Yəni biz müəllimlər şagirdlərə yalnız müəyyən tapşırıqlar təqdim etsək və onlar nəzəriyyəyə əsasən onları cavablandırsa bu zaman praktika və şagirdlərin ingilis dili fənnindən olan dinləmə və danışma bacarıqları inkişaf etməyəcək. 

Məlumdur ki, tədris prosesində texnoloji bilik və bacarıqlardan istifadə edilir. Müəllim kimi fəaliyyət göstərdiyim Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseydə də texnoloji bilik və bacarıqlardan hər zaman istifadə edirəm. Hər sinfə və şagirdə görə mahnılar, şeirlər və təsviri ev tapşırıqları müəyyənləşdirirəm ki, bu da şagirdlərin verilən tapşırıqları vaxtında və düzgün icra etməsinə kömək olur. Həmçinin dinləmə və yazı qabiliyyətlərini yeni üsul və vasitələrlə inkişaf etdirməyə çalışıram. Ümumiyyətlə şagirdlərin düzgün təlim nailiyyətləri qazanmaları üçün şagirdlər tədris olunan fənni sevsələr artıq onlar özləri müxtəlif mövzuları araşdırıb, yenilikləri öyrənməyə çalışacaqlar.

-Bildiyimiz kimi artıq buraxılış imtahanlarında ingilis dili üzrə dinləmə mətnləri tətbiq olunur. Bunun üçün dərs prosesində nələrdən istifadə edirsiniz?

-Dinləmə mətnlərinin tətbiq olunması, şagirdlərin öyrəndikləri yeni sözləri, qramatik qaydaları və mətnləri daha yaxşı anlamaları üçün çox vacibdir.

Əvvəllər şagirdlərimiz sadəcə dilin nəzəri hissəsini inkişaf etdirirdilər. Ancaq dinləmə mətnlərinin tətbiq edilməsi ilə praktik hissə də inkişaf etdirilir. Bugünə qədər onların, yalnız  qrammatik bacarıqları yoxlanılır və oxu mətnləri təqdim olunurdu. Hazırda isə dinləmə bacarıqları da qiymətləndirilir.

Dinləmə mətnlərinin tətbiq olunması şagirdlər tərəfindən də maraqla qarşılanır. Belə ki, onlar fərqli mənbələrdən mətnlər yükləyir dinləyirlər, dərs prosesində isə həmin mövzuları müzakirə edirik. Ümumiyyətlə dinləmə mətnlərində tapşırıqlar əsasən iki istiqamətdə qurulur. Birinci istiqamət şagirdlərdən söz bazası tələb edir ki, bu onlar üçün problem yaratmır. Çünki illərdir şagirdlər mətnlər və tapşırıqlar üzərində çalışaraq, söz bazalarını təkmilləşdirirlər. Digər hissə isə praktiki bilgilərdir. Nə qədər çox praktika tətbiq olunsa, nəticələr o qədər yüksək olar. Bu tipli tapşırıqlar şagirdlərin məktəbi bitirdikdən sonra öyrəndiyi xarici dildə ünsiyyət qurmasını tam təmin edə bilir.

-Siz “İlin gənc müəllimi” müsabiqəsində iştirak edibsiniz. Bu müsabiqə sizə nələr qazandırdı?

Hər bir müsabiqə yeni tanışlıqlar, əhatə dairəsinin genişlənməsi, təcrübənin təkmilləşməsidir. Bundan başqa “İlin gənc müəllimi” müsabiqəsi vasitəsilə məni və müsabiqədə iştirak edən digər  həmkarlarımı demək olar bütün ölkə tanıdı. Biz yalnız tanınmadıq, həmçinin də müəllim adını tanıtdıq, onun necə yüksək bir mərtəbədə olduğunu göstərdik. Müsabiqədə 400-dən çox müəllim arasından seçilib ilk üçlüyə düşmək həm mənim həm də şagirdlərim üçün böyük motivasiya oldu. Müəllimin uğuru şagirdə stimul verən vacib istiqamətlərdən biridir. Düşünürəm ki, bu müsabiqə şagirdlərim üçün də böyük motivasiya oldu.

-Müəllim olmaq istəyənlərə nə demək istərdiniz?

-Mən əvvəlcə öz həyat hekayəmi danışar, müəllimlərimdən nümunə götürdüyümü bildirərdim. Müəllim olmaqla insan öz ölkəsinin, şəhərinin və ən azından ətrafının həyatını dəyişir və bu dəyişikliyi seyr edərkən insan heç düşünmədiyiqədər xoşbəxt olur.

Müəllimlik bir peşə deyil, həyat dəyişən bir sənətdir. Müəllim hər bir şagirdinin şəxsiyyət kimi formalaşmasında əsas rol oynayır. Müəllim olmaqla insan öz üzərinə böyük bir məsuliyyət götürmüş olur. Çünki, bu peşənin sahibi bütün peşələrin əsasını təşkil edir. Ona görə də, bu peşəni sevərək və istəyərək sahib olsunlar.

-Şagirdiniz sizə nə üçün müəllim olmalıyam desə cavabınız nə olardı?

-“Müəllim olmaq ürək işidir. Bu peşəyə sahib olmaqla sən daha çox öz cəmiyyətinə faydalı ola bilərsən. Ölkənin gələcəyini qura bilərsən. Müəllim olmaq bir cəmiyyətin sabahını müəyyənləşdirmək deməkdir. Müəllimin fəth etmədiyi zirvə ola bilməz. Əgər sən tarixin yollarında öz izini qoymaq istəyirsənsə o zaman müəllim ol!” deyərəm.