19.02.2021

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin ümumtəhsil kateqoriyası üzrə qalib olan “Uğur üçbucağı” layihəsi yekunlaşıb

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin ümumtəhsil kateqoriyası üzrə qalib olan “Uğur üçbucağı” layihəsi yekunlaşıb. Layihənin əsas məqsədi Gəncə şəhər ümumtəhsil məktəbləri üzrə IX sinif buraxılış imtahanlarında zəif nəticə göstərən məktəblərdə səmərəli müəllim-şagird-valideyn münasibətləri qurmaqla şagirdlərin buraxılış imtahanlarında yüksək nəticə göstərmələrinə nail olmaqdır.

Layihə çərçivəsində 4 ay müddətində Gəncə şəhərin 8 ümumtəhsil məktəbindən 110 şagirdin, onların valideynlərinin və 30 müəllimin iştirakı ilə təlimlər keçirilib.

Təlimlər zamanı şagirdlərə öyrənmə metodlarından düzgün istifadə, açıq və situasiya tipli tapşırıqlar, məntiqi tapşırıqlar və mətnlərlə işləmə vərdişlərinin aşılanması, şagirdlərin təhsil və inkişafında valideynlərlə əməkdaşlığın əhəmiyyəti, bilik və bacarıqları inkişaf etdirmək üçün vərdişlərin yaradılması mövzularında söhbətlər aparılıb.

Müəllimlərə “Şagird–müəllim əməkdaşlığın faydaları və üstünlükləri”, “Müəllimin peşə səriştəliliyinin meyarları”, “Pedaqoji dəstək müəllim səriştəliliyin amili kimi”, “Peşəkar müəllimin dərsi, müəllim öyrədəndir, tərbiyəçidir, təbliğatçıdır, nümunədir”, “Şagirdlərin təhsil və inkişafında valideynlərlə əməkdaşlığın əhəmiyyəti” mövzularına aid təlimlər keçirilib.

Valideynlərlə valideynlərin tədris prosesinə cəlb edilməsinin faydaları və üstünlükləri, məktəb valideyn ünsiyyətinin effektivliyi, evdə təhsil prosesinin izlənilməsi haqqında biliklər, səriştəli valideyn amili, şagirdlərin təlim keyfiyyətlərinin yaxşılaşdırılması üçün valideynlərin lazımi bilik və bacarıqlara yiyələnməsinin əhəmiyyəti mövzuları ətrafında söhbətlər aparılıb.

Nəticədə müəllim, şagird və valideynlər arasında, şagirdlərdə özünə inamın yaradılması, onun gücünə, bacarıq və qabiliyyətinə təkan verilməsi, çətinliklərin aradan qaldırılması istiqamətində vacib olan səmərəli müəllim-şagird-valideyn münasibətləri formalaşdırılıb. Müəllimlər düzgün qurulmuş müəllim-şagird münasibətləri üçün vacib olan lazımi peşəkarlığa və səriştəyə əsaslanan bilik və bacarıqlarını artmasına, şagirdlər öyrənmə potensiallarının yüksəlməsinə, bilik, bacarıq və yeni vərdişlərə yiyələnməyə nail olublar.

Layihənin sonunda təlimlərdə fəal iştirak edən şagirdlərə, onların valideynlərinə və müəllimlərə sertifikatlar təqdim edilib.


Açar sözlər: ,  ,