Tarixdə imperiyaların dağılması onun tərkibində olan xalqlar üçün həmişə müəyyən çətinliklər yaradır. Əsas siyasəti "parçala , hökmranlıq et" olan Sovet imperiyası da öz süqutu zamanı tərkibindəki millətlərin taleyində faciəli izlər qoydu.
70 il ərzində Azərbaycan bu imperiyanın xammal bazası kimi istismar olunur, xalq represiyalara məruz qalırdı. Ancaq öz milli mənsubiyyətini itirmirdi. Keçən əsrin 70-80-ci illərində Azərbaycan həm iqtisadi, həm siyasi, həm də mədəni cəhətdən SSRİ respublikaları arasnda ən inkişaf etmiş bir respublika idi.Təbii ki, bu yüksəlişin əsas səbəbi Azərbaycana o dövrdə rəhbərlik edən Heydər Əlirza oğlu Əliyevin olması idi.
80-ci illərin sonunda M.Qorbaçov hakimiyyəti dövründə ölkədə baş verən xaos zamanı Azərbaycandakı hakim qüvvələr təəsüf ki, H.Əliyev ənənəsini qoruyub saxlaya bilmədilər. Onların hakimiyyət uğrunda mübarizəsi Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının bir hissəsinin itirilməsi ilə nəticələndi .1992-1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi faktiki olaraq ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoydu. Cəbhədə məğlubiyyət, iqtisadi böhran, daxili çəkişmələr, separatçı qüvvələrin özbaşınalığı – bu idi AXC- Müsavat hakimiyyətinin xalqa verdiyi “demokratiya və azadlıq”. Cəbhədə özünümüdafiə dəstələri Müdafiə Nazirliyinə tabe olmur, şimalda və cənubda separatçı qüvvələr bu bölgələrin Azərbaycanın tərkibindən ayrılmasına çalışırdılar. Hakimiyyət nəinki bu vəziyyətin qarşısına almaq iqtidarında deyildi. Hətta səriştəsizlik o dərəcədə idi ki, ölkədə qardaş qırğını ilə nəticələnəcək vətəndaş müharibəsi başlayırdı. Gəncədə baş verən 4 iyun hadisələri göstərdi ki, artıq regionlar belə qarşı-qarşıya qoyulub. Vəziyyət o dərəcədə çətin idi ki, xalq çıxış yolunu, Azərbaycanın qurtuluşunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdülər. Xalqın istəyi ilə Naxçıvandan Bakıya gələn və 15 iyunda Azərbaycan Ali Məclisinin sədri seçilən Heydər Əliyev vətəndaş müharibəsinin və ölkənin parçalanmasının qarşısını alaraq, Azərbaycanın suverenliyini və bütövlüyünü bərpa etdi. Onun siyasi müdrikliyi və dühası nəticəsində Azərbaycanın siyasi strategiyası müəyyən olundu. Bu strategiyanı və Ulu Öndərin siyasi xəttini uğurlu davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya arenasında bu gün öz sözünü deyə biləcək və möhkəm siyasi iradəsi ilə Azərbaycanın müstəqilliyini ərazi bütövlüyünü qoruya biləcək bir lider kimi öz yerini tutmuşdur. II Qarabağ müharibəsindəki qalibiyyət və 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması xalq və hakimiyyətin siyasi birliyinin və vaxtilə əsası Ulu öndər tərəfindən qoyulan siyasi xəttin şanlı qələbəsidir.