30 ilə yaxın bir dövrdə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ iqtisadi zonası Ermənistan işğalçı siyasəti və qeyri-insani əməlləri nəticəsində misli görünməmiş səviyyədə zərbələrə və itkilərə məruz qalmışdır. Avontürist və işğalçı Ermənistan bu müddət ərzində təkcə azərbaycanlıları öz doğma yurd-yuvalarından didərgin salmaqla, terror və qırğınlar törətməklə kifayətlənməmiş, eyni zamanda Qarabağın ekologiyasına, flora və faunasına, bütövlükdə Cənnət məkanına böyük ziyan vurmuşdur.
44 günlük ikinci Qarabağ müharibəsi və bu müharibədə Azərbaycanın ədalətli zəfər qələbəsinin gətirdiyi ruh yüksəkliyi cəmiyyətimizdə böyük sevinclə qarşılandı.
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müzəffər ordusu nəhayət ki, yağı düşmən tapdağından bu torpaqları azad etməklə, ölkəmizin bu zonada iqtisadi potensialının inkişafına həm geniş imkanlar yaratdı, həm də, bura irihəcmli investisiyalar yatırmaqla turizmin inkişafına, su ehtiyyatlarımızın yaradılmasına, aqrar sahənin inkişaf etdirməsinə, sağlam ekologiyamızın bərpasına, yol infrastrukturunun yenidən qurulmasına nail olmağımızı reallaşdırdı.
Xüsusi qeyd edilməlidir ki, Qarabağ və ətraf rayonlarımızın tarixi-mədəni dəyəri, füsnkar təbiəti ilə yanaşı, yeraltı və yerüstü sərvətlərə, zəngin iqtisadi potensiala malik olması, bura yatırılacaq sərmayələrin ölkəmiz üçün gələcəkdə böyük gəlir gətirəcəyinin bariz nümunəsidir. Vəhşi Ermənistan tərəfindən dağılmış tarixi-mədəni abidələrimiz, yerlə-yeksan olmuş yaşayış məskənlərimiz, qədim mağaralarımız, mədəniyyət ocaqlarımızda bu gün artıq bərpa işlərinin başlanması, tezliklə o torpaqların daimi sakinlərinin yurdlarına qayıdacağı günü daha da yaxınlaşdırır.
Bu gün Azərbaycan xalqı tarixinin ən şanlı dövrünü yaşayır. Ali Baş Komandanımız və silahlı qüvvələrimiz işğalçı Ermənistana və onun havadarlarına “dəmir yumruq” göstərməklə haqqın-ədalətin nə olduğunu sübut etdi. Şanlı qələbəmiz sayəsində ərazi bütövlüyümüz təmin olundu, şəhidlərimizin intiqamı alındı.
30 ilə yaxın mənfur düşmənlərimizin əli ilə onlara havadarlıq edən xarici qüvvələrə ərmağan edilmiş qızıl yataqlarımız, mineral su mənbələrimiz, füsünkar təbiət qoruqlarımız, çaylarımız, şəlalələrimiz öz sahiblərinə qovuşdu. Dağlıq Qarabağ, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli inzibati ərazilərimiz bu gün özünün yeni inkişaf dövrünə qədəm qoyub.Yeni yollar çəkilir, dəmir yol və hava nəqliyyatı magistralları qurulur. Sözsüz ki, bu da öz növbəsində Qarabağın və onun ətrafındakı inzibati rayonların böyük iqtisadi potensialından xəbər verməklə bərabər çox yaxın vaxtda bu torpaqların “Cənnət diyarı”na çevriləcəyini gerçəkləşdirəcək.
Bu gün işğaldan azad olmuş torpaqlarımızda aparılan bərpa, quruculuq, yenidənqurma işlərində təkcə Azərbaycan deyil, eyni zamanda Azərbaycana qardaş olan böyük dövlətlər və dost ölkələr də yaxından iştirak edir. Qardaş Türkiyə Respublikasının iş adamları məhz bu torpaqlarda görüləcək işlərdə öz töhfələrini vermək məqsədi ilə bizimlə bir çalışmaqdadır.
30 ilə yaxın bir dövr keçdi. Azərbaycan bu dövrdə işğalçı Ermənistana dəfələrlə məsələnin sülh danışıqları yolu ilə həll edilməsini təklif etsə də, işğalçı dövlət və onların havadarları prosesi uzatmaqla əsas məsələdən uzaqlaşırdı. Lakin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Müstəqil Azərbaycanın Ali Baş Komandanı vurğuladığı kimi “bir gün bizim də səbir kasamızın” daşacağı qaçılmazdır! Bütün dünyaya, xüsusi ilə Ermənistana və onun işğalçı havadarlarına sübut etdi ki, “Qarabağ Azərbaycandır!”
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Qarabağımız bu gün artıq rahat nəfəs alır, inkişaf edir və tərəqqi yoluna qədəm qoyub.
Əminliklə bildiririk ki, çəkilən zəhmət və əziyyət doğma ölkəmizin iqtisadi-mədəni və siyasi həyatını daha da gücləndirəcək.
Çünki Azərbaycan- o cümlədən Qarabağ və onun ətraf inzibati əraziləri böyük iqtisadi potensiala malikdir.