Azərbaycan sentyabrın 27-də başlamış əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu, Vətən müharibəsi bizim böyük zəfərimizlə başa çatdı. Bununla da, Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri də tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi oldu. Noyabrın 8-də Şuşanın erməni işğalından azad edilməsi çox mühüm hadisədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu müjdəsi Azərbaycan xalqı tərəfindən böyük coşğu ilə qarşılandı. 28 il artıq müddətdə işğal altında olan mədəniyyətimizin beşiyi Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, həm də çox böyük mənəvi məna daşıyır.
Şuşanın azad edilməsindən bir gün sonra-Dövlət Bayrağı Günündə daha 72 yaşayış məntəqəsinin, ümumilikdə isə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edilməsi Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında bəyanatı imzalasın. Hesab edirəm ki, bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir və Azərbaycana maksimum sərf edən sənəddir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Razılaşmaya əsasən Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunlarının çıxarılması barədə öhdəliklər götürür. Beləliklə, məcburi köçkün olan insanlarımızın 30 illik həsrətinə son qoyulur, onlar öz doğma torpaqlarına qayıdacaqlar. Təkçə onlar yox, Dağlıq Qarabağ ərazisindən məcburi köçkün olan vətəndaşlarımızın da doğma yurdlarına qayıtmaları təmin olunacaq. Vacib bir məqam da ondan ibarətdir ki, imzalanmış bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Bu o deməkdir ki, Qarabağa heç bir status, muxtariyyət verilmir. Eyni zamanda, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Bununla da, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda türk dünyasının yerüstü tranzit–rabitə əlaqələri bərpa edilir.
İmzalanmış bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması böyük əhəmiyyət kəsb edir. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Bu o deməkdir ki, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Yəni, bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya iştirak edəcək. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Bununla da, başqa kənar oyunçuların bölgədə tərəf olmaq cəhdləri aradan qalxır.