03.10.2022

"Mənim əziz müəllimim" layihəsinin növbəti iştirakçısı - Elnarə İsmayılovadır

Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Elnarə İsmayılova ali təhsilini 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Şəki filialında alıb.  2002-ci ildən etibarən pedaqoji fəaliyytlə məşğul olan Elnarə müəllim artıq 21 ildir ki, bu şərəli peşəni davam etdirir.

 

Elnarə müəllimlə olan müsahibəmizi təqdim edirik.

 

Neçə ildir pedaqoji fəaliyyətlə məşğulsunuz, müəllimliyin sizə qazandırdıqları nələr oldu?

 

21-ci ildir pedaqoji fəaliyyətlə məşğulam. Öz ibtidai sinif müəllimimə olan məhəbbətim bu peşəni seçməyimə təkan olub. Müəllimlik fəaliyyətimdə ən böyük qazancım şagirdlərimin gələcək uğurlarının əldə olunmasında ilk təməl daşını qoymağım, mənə olan sonsuz sevgiləri və onların yaddaşında bir ana kimi qalmağımdır. Şagirdlərimin mənə : “Müəllim, mən sizi dünyalar qədər sevirəm” - deməsi mənim üçün hər şeydən dəyərlidir. Ən əsası isə vətənimizə layiqli, vətənpərvər övladlar yetişdirdiyim üçün fəxr edirəm.

 

Bir müəllim kimi fərqli təlim və görüşlərdə iştirak edərək hansı təcrübəni əldə edibsiniz?

 

Zənnimcə bütün peşə sahibləri, o cümlədən müəllimlər də daim öz üzərində çalışmalı, yeniliklərə açıq olmalıdırlar. Mən də iştirak etdiyim təlim və görüşlərdə təlimin təşkilinə verilən tələblər, forma və üsullar, fənn kurikulumlarının tətbiqi, müasir qiymətləndirmə üsul və vasitələri sahəsində əldə etdiyim təcrübəni daima dərs prosesində tətbiq etməyə çalışıram. Çalışıram ki, şagirdlərlə işləyərkən yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq təlim  prosesini  onların maraq və tələbatlarına uyğun qurum. Bununla belə mən  “Müəllimlərin Peşəkar Səviyyəsinin Təkmilləşdirilməsi” təlim kursu, “Həyati Bacarıqlara Əsaslanan Təhsil” fakultativ kursu, “Yeni ibtidai təhsil kurikulumu üzrə müəllimlərin təlimi proqramı” “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası”, “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” və digər mövzularda olan təlim və kurslarda iştirak etmişəm.

 

Fənninizi tədris edərkən hansı yenilik və innovasiyalardan istifadə edirsiniz?

 

Təhsildə innovasiya təhsilin inkişafı və təhsil sisteminin optimallaşdırılması üçün tədris prosesinin məqsədlərinə, məzmununa və təşkilinə yeni bir şeyin daxil edilməsidir. Şagirdləri dərs prosesinə həvəsləndirmək, alınan məlumatları müstəqil şəkildə ifadə etmək bacarığının inkişafı, yaradıcı təfəkkürün formalaşdırılması, uşaqların fərdi qabiliyyətlərini maksimum şəkildə üzə çıxarmaqla inkişafı innovasiyanın əsas məqsədləridir.

Onu da qeyd etmək istərdim ki, əvvəlki illərin şagirdləri ilə müqayisədə indiki şagirdlərdə dərsə maraq oyatmaq, onları dərs prosesinə cəlb etmək daha çətindir. Mən də çalışıram ki, şagirdlərdə öz fikirlərini sərbəst şəkildə ifadə etmək bacarığını formalaşdırım, onların hansı sahədə (musiqi, rəsm, texnologiya, idman) daha bacarıqlı olduqlarını üzə çıxarım və bu haqda valideynlərini məlumatlandırım.

 

Sizə stimul verib motivasiya edən nədir?

 

Bildiyiniz kimi cari ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçirildi. Sertifikasiya imtahanının test mərhələsindən 57 bal, müsahibə mərhələsindən isə 37 bal nəticə göstərməyim mənə böyük stimul verdi və eyni zamanda məsuliyyət hissimi daha da artırdı. Həmçinin şagirdlərimin müxtəlif ali məktəblərə qəbul olmasını, onların digər sahələrdə uğurlu nəticələrini, Vətən müharibəsindən sinəsi medalla qayıdan şagirdlərimi görəndə  müəllim olduğum üçün çox qürurlanıram. Bunlar məni motivasiya edən ən mühüm amillərdir.

 

 

Tədrisi həyata keçirmək eyni zamanda da özünü inkişaf etdirmək çətindirmi?

 

Hesab edirəm ki, tədrisi həyata keçirmək  və özünü inkişaf etdirmək  bir-birinə bağlı prosesdir. Çünki dərsin gedişində müxtəlif situasiyalarla qarşılaşır, fərqli xarakterli şagirdləri kəşf edir, onlara müxtəlif yanaşma tərzi tətbiq edirəm ki, bu da özümün bir müəllim kimi mütəmadi olaraq inkişaf etməyimə səbəb olur. Əlavə olaraq iştirak etdiyim təlimlərdən, qabaqcıl təcrübələrdən istiadə edərək həmişə özümü inkişaf etdirməyə çalışıram.

 

İbtidai sinif müəllimi olmaq digər fənnləri tədris etməkdən çətin olduğu bildirilir. Bəs sizinçün bu necədir?

 

Təvazökarlıqdan uzaq olsa da səmimi etiraf etməliyəm ki, həqiqətən ibtidai sinif müəllimi olmaq daha çətindir. Çünki kiçik yaşlı uşaqlarla işləmək çox böyük səbr, məsuliyyət və diqqət tələb edir. Məktəbdə nümunəvi davranış qaydalarını öyrətmək, dərsə və dərsliklərə düzgün münasibəti aşılamaq, ana və vətən sözlərini yazmağı öyrətmək, vətəninə, xalqına məhəbbət və milli-mənəvi dəyərlərə hörmət hissini formalaşdırmaq  ilk olaraq məhz ibtidai sinif müəllimlərinin üzərinə düşür. İbtidai sinif müəllimləri şagirdlərin yaddaşında dərin iz buraxır. Düşünürəm ki, ibtidai sinif müəllimlərinin qoyduğu təməl nə qədər sağlam, düzgün və nə qədər möhkəm olarsa o qədər layiqli vətəndaş, mükəmməl şəxsiyyət yetişdirə bilərik.

 

 

 


Açar sözlər: ,  ,