14.10.2022

"Mənim əziz müəllimim" layihəsinin növbəti iştirakçısı - Sevinc Baxşəliyevadır

Goranboy rayon Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Baxşəliyeva 1997-ci ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. Elə həmin ildən Goranboy rayon Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 25 ildir ki, müəllimlik peşəsini şərəflə icra edən Sevinc müəllimlə olan müsahibəmizi təqdim edirik.

 

- Bir müəllim kimi qarşıya qoyduğunuz məqsədlər nədir?

- İlk olaraq müəllim kimi əsas məqsədim həmişə özümü inkişaf etdirmək, dövrün tələblərinə cavab verən, XXI əsrin bacarıqlarına sahib bir müəllim kimi yetişməkdir. İllərdir, bu məqsəd üçün çalışıram və əldə etdiklərim məni sevindirsə də, qane etmir. Elə bir dövrdə yaşayırıq ki, zamanın tələbləri çox sürətlə dəyişir. Əgər zamanın nəbzini tutmasaq, geri düşürük. Ona görə ömür boyu öyrənmək artıq bir tələbdir. Orta məktəbdə müəllim kimi fəaliyyətimdən başqa indiyə kimi Azərbaycan Respublikası Təhsil İnstitutunun , Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzinin Elm və Təhsil Nazirliyinin sifarişi ilə keçirilən bir çox təlimlərində təlimçi kimi fəaliyyət göstərmişəm. Eyni zamanda Dövlət İmtahan Mərkəzində marker və qiymətləndirmə nümunələrinin hazırlanmasında əməkdaş kimi fəaliyyət göstərirəm. Rəqəmsal bacarıqlarım yüksəkdir: bir çox proqramlarla və Veb2 alətləri ilə işləməyi bacarıram. Bu sahələrdə uğurlarımı daha da irəliyə aparmaq qarşıda duran məqsədlərimdəndir.

 

- Dərsinizi tədris edərkən sizi çətin vəziyyətə salan, dərsin gedişinə mane olan şagirdlərə necə davranırsınız?

- Belə şagirdlər həmişə olur. Bəzən dəcəllikdən, bəzən diqqət çəkmək üçün, bəzən də hiperaktiv şagirdlər bu cür hərəkət edə bilirlər. Belə şagirdlərin marağını da çəkə biləcək fəaliyyət həyata keçirirəm, tapşırığı oyun şəklində həyata keçirirəm. Şagirdləri cərgələr və ya qruplar üzrə qruplaşdıraraq yarış təşkil edirəm. Şagirdlər həm özləri, həm də qrup üzvlərini, tapşırığı işləmək üçün fəallaşdırırlar, çünki qalib gəlmək həvəsi yaranır. Bəzi zəif nailiyyətli şagirdlər sinfin fəallığına yetişə bilməyib fəaliyyətdən uzaq qalanda ona daha sadə, krosvord və ya tapmaca şəkilli tapşırıq verərək marağını yönəldirəm. Zəif nailiyyətli bir şagirdimin gözəl rəsm çəkmək qabiliyyəti var. Ona keçdiyimiz mətndən çıxardığı nəticəni rəsmlə ifadə etməsini və ya məzmuna uyğun şəkil çəkməsini tapşırıram. Şagirdlər müxtəlif intellektə sahib olurlar. Bunu biz zamanla müəyyənləşdirə bilirik. Qrup işlərində şagirdləri intellektlərinə görə qruplaşdırır, hər qrupa intellektlərinə uyğun tapşırıqlar verməyə çalışıram. Bu onların marağını çəkməyə kömək edir. Dərsə mane olan şagirdlərlə fərdi söhbətlər aparmaq da, əsasən, işə yarayan üsuldur.

 

-Özünüzü təkmilləşdirmək üçün hansı təlim və görüşlərdə iştirak edibsiniz

- “İxtisasartırma təhsili həyata keçirən kadrların potensialının gücləndirilməsi (TİPİM)”, “Distant təlimlərin təşkili və keçirilmə qaydaları (İTE)”, “İnteqrativ təlim( PİSA)” (İTE), STEAM (İTE), “Yazı işinin qiymətləndirilməsi (TİPİM)”, “Təlim prosesində Primethan interaktiv texnologiyadan istifadə (İTE)”, “Təlimçilər üçün seminar (TİPİM)”, “Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar üzrə yoxkanması (DİM)”, “Müəllimlərin bacarığının gücləndirilməsi layihəsi (Koreya)”, “Mətn üzrə işin təşkili (ARTİ)”, “İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi və metodikası (ARTİ)”, “Müasir öyrənmə nəzəriyyələrinin tədris prosesində tətbiqi (İTE)”, İKT(2022), “Məktəb sənədlərinin elektron tərtibatı (İTE)”, “İnternet resurslarının təlimdə səmərəli istifadəsi (İTE)” və digər tədbirlərdə iştirak etmişəm. Bununla belə mən fəaliyyətimin təkmilləşməsi məqsədi ilə təlimçi kimi də fəaliyyət göstərirəm. “İxtisasartırma təlimləri” Goranboy rayonu üzrə, “Yazı işinin qiymətləndirilməsi”, “İnteqrativ təlim( PİSA) (İTE)”, “Mətn üzrə işin təşkili (ARTİ)”, “İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi və metodikası(ARTİ)”, Müasir öyrənmə nəzəriyyələrinin tədris prosesində tətbiqi (İTE), “Məktəb sənədlərinin elektron tərtibatı (İTE), “İnternet resurslarının təlimdə səmərəli istifadəsi (İTE)” və digər mövzular üzrə təlimçi olaraq fəaliyyət göstərmişəm.

 

- Sizcə, müəllim olmaq daha çətindir, ya şagird olmaq?

- Məncə, müəllim olmaq daha çətindir. Çünki daha məsuliyyət və zəhmət tələb edən bir şənətdir. Biz dövlətimizə, gələcəyimizə layiq vətəndaşlar yetişdirməyə çalışırıq. Verilən təlim və tərbiyə doğru olmasa, bu təkcə şagirdə deyil, bütün cəmiyyətə ziyan vurar. Ona gorə savadlı, müxtəlif bacarıqlara, yüksək intellektə sahib, vətəninə, torpağına bağlı, mübariz ruhlu, travmasız bir şəxsiyyət yetişdirməyin bütün məsuliyyəti müəllimin üzərindədir.

 

- Müəllimlik peşəsində ən çox diqqət edilməli məqamlar nədir?

- Dövrün və cəmiyyətin tələbləri sürətlə dəyişdiyi üçün, bu günün müəllimin qarşısında duran tələblər 20, 30 il əvvəlin tələblərindən çox fərqlənir. Bu gün dərs dediyimiz şagirdlərin hamısı Z nəslinin nümayəndələridir. Müəllimləri isə X və Y nəslinin nümayəndələridir. Z nəsli əvvəlki nəsillərdən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Bu nəsil yüksək rəqəmsal bacarığı olan, virtual aləmlə real aləmi vəhdətdə görən, “mən, mən, mən” tendensiyası ilə yaşayan bir nəsildir.

Dərslərin uzun-uzadı izahı onlar üçün sıxıcı və maraqsızdır. Ondansa, həmin prosesi izah edən 2 dəqiqəlik video onlara daha maraqlı və anlaşıqlıdır. Onlar prosesin, mövzunun oyunlarla, daha əyləncəli üsullarla izahını da daha tez mənimsəyirlər. Fikirlərinə , arzu və istəklərinə hörmətlə yanaşılması  onlar üçün çox vacibdir. Şəxsiyyətinin təhqir olunması travmalar yaradır, onun xarakterində dərin iz buraxır. Bu gün müəllimlik peşəsində ən diqqət edilməli məqam budur. Müasir müəllim şagirdlərin xüsusiyyətlərini yaxşı bilməli, öz dərsini və tərbiyə üsullarını da ona əsasən qurmalıdır. Bunun üçün də müəllim daim özünü inkişaf etdirməli, daim öz üzərində işləməlidir.

 

- Bizimlə bir xatirənizi bölüşün.

- Qız şagirdlərimindən biri dərs prosesində fikirlərini doğru ifadə edə bilmir, cümlələri qurarkən rabitəliliyi itirirdi. Bu, bəzi şagirdlər tərəfindən gülüş və istehza ilə qarşılanır, atmacalar atılırdı. Bu münasibət qızda aqressiya və əsəb yaradırdı. Mən bunu bir neçə dərs hiss etdikdən sonra həmin şagirdlərlə söhbət apardım. Onlara insanları qüsurlarına görə mühakimə etməyin, cəzalandırmağın insanlığa yaraşmayan bir hərəkət olduğunu, bunu özlərinə yaraşdırmamalı olduqlarını və s. söylədim. Qızdan üzr istəməli olduqlarını bildirdim. Bu söhbətdən sonra şagirdlər səhvlərini anlayıb qızdan üzr istədilər və artıq 1 ildən çoxdur, o qıza və fikirlərinə son dərəcə hörmətlə yanaşırlar. Bu münasibət qızda özgüvən hissini artırıb, artıq dərslərini də daha yaxşı oxuyur, fikirlərini daha rahat ifadə edir.

 

- Əgər müəllimlik yox, başqa peşə seçməli olsa idiniz, hansı peşəni seçərdiniz?

- Mən öyətməyi və öyrənməyi çox sevirəm. Ona görə müəllimliyin mənim üçün ən ideal seçim olduğuna inanıram. Amma müəllim olmasa idim, rəssam  olmaq istərdim, çünki dünyanın gözəlliyi və rəngləri həmişə məni heyran edib. Bu gözəlliyi ən incəliyinə qədər duymaq və əks etdirmək, məncə, maraqlı və zövqverici olardı.

 

- Şagirdlərinizə həyatı anlamaları üçün kitab hədiyyə edəcək olsanız, bu kitab hansı olardı?

- Daniel Defonun “Robinzon Kruzo” əsərini hədiyyə edərdim. Çünki, bu əsər tam çarəsizlik içində olan bir insanın həyatda qalmaq üçün çəkdiyi əziyyətlərini, mübarizəsini, əzmini əks etdirir. Mən həmişə şagirdlərimə bu kitabla yanaşı, İlham Zəkiyev, Stefan Hokinq, Nik Vuyviç, Sümeyya Boyacı kimi fiziki qüsurlu insanların həyat və mübarizəsini danışır, onların nail olduqlarından özlərinə dərs çıxarmalarını tövsiyyə edirəm.


Açar sözlər: ,  ,