Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” 21.04.2014-cü il tarixli 445 nömrəli əmri ilə təsdiq olunmuş Qaydalara müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilmişdir.
17-23 iyun 2014-cü il tarixlərdə keçirilmiş müsabiqənin 1-ci mərhələsində test tapşırıqlarının yerinə yetirilməsinin nəticəsi olaraq keçid balı toplamış 140 nəfər 2-ci mərhələyə-müsahibəyə buraxılmışdır. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin yekun nəticəsinə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanmışdır.
“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.30-cu və 13.5-ci bəndlərini əsas tutaraq
ƏMR EDIRƏM:
1. Ümumi təhsil müəssisələrində və peşə liseylərində işləyən müəllimlərin yerdəyişməsi üzrə 17-23 iyun 2014-cü il tarixlərdə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilsin (siyahı əlavə olunur).
2. Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) və peşə liseylərinin rəhbərləri:
2.1. Müsabiqə nəticəsində iş yerini dəyişən müəllimlərin sənədlərini yoxlayıb, 2014-cü ili sentyabrın 1-dək onlarla əmək müqavilələrinin bağlanmasını təmin etsinlər.
2.2. Həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) iş yerini dəyişənlər üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsinlər, əmək fəaliyyəti ilə əlaqədar məsələlərin həll edilməsində onlara köməklik göstərsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) ümumi təhsil müəssisələrində və peşə liseylərində işləyən müəllimlərin yerdəyişməsi üzrə 17-23 iyun 2014-cü il tarixlərində keçirilmiş müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişənlərin siyahısının Nazirliyin İnternet saytında yerləşdirilməsini və əmrin aidiyyəti üzrə yerlərə göndərilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M.Eynullayev) həvalə edilsin.
Əsas: Ümumi təhsil müəssisələrində və peşə liseylərində işləyən müəllimlərin yerdəyişməsi üzrə 17-23 iyun 2014-cü il tarixlərində keçirilmiş müsabiqənin nəticələri.
Mikayıl Cabbarov,
Azərbaycan Respublikasının təhsil naziri
27 iyun 2014-cü il
№ 753