01.06.2016

Uşaq Yaradıcılıq Mərkəzində bayram tədbiri

Uşaq Yaradıcılıq Mərkəzində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə  bayram tədbiri keçirilib. Bayram əhval-ruhiyyəsində bəzədilmiş Mərkəz  al-əlvan geyimli uşaqların şən gülüş sədaları ilə aşıb-daşıb.

Uşaqlar Mərkəzin qarşısında, asfalt üzərində təbaşirlə  rəngli dünyalarını əks etdirən  maraqlı rəsmlər çəkib, tədbir iştirakçılarının alqışlarını qazanıblar. Balaca idmançılar müxtəlif hərəkətlərlə bacarıqlarını nümayiş etdiriblər.

Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva uşaqları, onların valideynlərini, eləcə də bütün iştirakçıları salamlayaraq,  1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib, onlara can sağlığı, xoşbəxt həyat və sevinc dolu günlər arzulayıb. Bildirib ki, uşaqlar hər zaman  dövlət qayğısı ilə əhatə olunublar. Prezidentimiz cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Körpə balalarımızın sağlamlığı, təlim və tərbiyəsi daim  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun prioritet vəzifələrindəndir.

Tədbir balacaların rəngarəng çıxışları ilə davam edib. Mərkəzdə fəaliyyət göstərən ansamblın, bədii qiraət, dram dərnəklərinin üzvlərinin, Gəncə SOS uşaq kəndinin, Gəncə Uşaq Evinin, incəsənət məktəblərinin və  məktəbəqədər təhsil müəssisələrinin balaca fidanları  maraqlı  kompozisiyalar təqdim ediblər. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.