Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə istiqamətində maarifləndirici görüşlər keçirilib.
Tədbirlərin əsas məqsədi yuxarı sinif şagirdləri arasında narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına vurduğu zərərlər barədə məlumatlılığın artırılması, sağlam həyat tərzinin təbliği, eləcə də uşaq və gənclər arasında profilaktik tədbirlərin səmərəli təşkil olunmasıdır.
Maarifləndirici görüşlərdə hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Çıxış edən polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin hüquqi nəticələri, narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələr, gənclərin bu kimi mənfi təsirlərdən qorunmasının vacibliyi barədə ətraflı məlumat veriblər.
Tədbirlər zamanı şagirdlərlə narkomaniyanın insan sağlamlığına vurduğu fəsadlar, zərərli vərdişlərin yaratdığı risklər, sağlam həyat tərzinin üstünlükləri və təhlükəli hallardan qorunma yolları barədə fikir mübadiləsi aparılıb. Mövzu ilə bağlı təqdimatlar nümayiş etdirilib, maarifləndirici materiallar təqdim olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd olunub ki, gənclərin zərərli vərdişlərdən uzaq tutulması, onların sağlam və təhlükəsiz mühitdə formalaşması, hüquqi biliklərinin artırılması və məsuliyyətli davranış vərdişlərinin inkişaf etdirilməsi istiqamətində bu cür tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Sonda şagirdlərə sağlam həyat tərzinə üstünlük verməyin vacibliyi bir daha xatırladılıb və narkomaniya ilə mübarizə sahəsində maarifləndirmə fəaliyyətlərinin davam etdiriləcəyi bildirilib.