20.05.2026

Peşə təmayüllü siniflərlə bağlı maarifləndirici görüşlər keçirili

        Gənclərin gələcək peşə seçimlərinə dəstək göstərilməsi, onların maraq və bacarıqlarına uyğun istiqamətlər üzrə məlumatlandırılması məqsədilə ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərlə bağlı maarifləndirici görüşlər keçirilir.

        Görüşlərin təşkilində əsas məqsəd ümumi təhsil müəssisələrində peşə yönümü işinin daha da təkmilləşdirilməsi, şagirdlərin peşə seçiminə erkən yaşlardan hazırlanması, peşə yönümü fəaliyyətinin aşağı siniflərdən etibarən sistemli şəkildə həyata keçirilməsinin təşviq edilməsi, eləcə də bu sahədə məlumatlılığın artırılmasıdır.

        Tədbirlər zamanı iştirakçılara peşə təmayüllü siniflərin fəaliyyəti, tədris prosesi, şagirdlərə təqdim olunan imkanlar və əmək bazarının tələblərinə uyğun peşələrin perspektivləri barədə ətraflı məlumat verilir. Bildirilir ki, peşə təmayüllü siniflər şagirdlərin nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar əldə etmələrinə, əmək fəaliyyətinə hazırlanmalarına və gələcək karyera seçimlərini daha düzgün müəyyənləşdirmələrinə şərait yaradır.

        Görüşlər çərçivəsində peşə yönümü üzrə məlumatların çeşidinin artırılması, bu məlumatların şagirdlərə çatdırılması üçün müasir və innovativ üsulların tətbiqi, rəqəmsal resurslardan istifadə imkanları, eləcə də əmək bazarının tələblərinə uyğun ixtisaslar barədə təqdimatlar keçirilir. Şagirdlərə müxtəlif peşə sahələrinin üstünlükləri, həmin sahələr üzrə təhsil və məşğulluq imkanları haqqında məlumatlar təqdim olunur.

        Eyni zamanda, şagirdlərin maraq və meyillərinin müəyyənləşdirilməsi, onların fərdi potensialının üzə çıxarılması, peşə seçimi zamanı düzgün qərar vermələrinə dəstək göstərilməsi istiqamətində fikir mübadiləsi aparılır, iştirakçıların sualları cavablandırılır.

        Qeyd olunub ki, peşə yönümü işinin gücləndirilməsi və peşə təmayüllü siniflərin imkanlarının geniş şəkildə tanıdılması gənclərin gələcək karyera planlamasına, əmək bazarına uyğun peşələrə yönəlməsinə və uğurlu peşə seçimi etmələrinə mühüm töhfə verir.

        Bu istiqamətdə maarifləndirici görüşlərin keçirilməsi davam etdiriləcəkdir.