“Gəncə 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncədə “Heydər Əliyev və gömrüyün inkişafı” mövzusunda görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev tədbiri açaraq, ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində tarixi xidmətlərindən danışıb.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev çıxış edərək bütün sahələrdə olduğu kimi gömrük xidmətinin də formalaşması və inkişafı müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, 1992-ci il yanvarın 30-da yaradılan Dövlət Gömrük Komitəsinin fəaliyyəti ümummilli liderin hakimiyyətə qayıdışına qədər qənaətbəxş olub. Məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra verdiyi tapşırıq və tövsiyələr əsasında gömrük orqanlarının fəaliyyəti üçün vacib olan qanunvericilik, maddi-texniki baza və peşəkar kadrların hazırlanması istiqamətində inqilabi addımlar atıldı.Qısa zamanda gömrük xidməti yenidən qurularaq ən müasir avadanlıqlarla təmin edildi, Gömrük Məcəlləsi hazırlanaraq tətbiq olundu. Gömrük sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri quruldu. Aydın Əliyev Ümummilli Liderin Azərbaycanda gömrük orqanlarının yaradılmasının 5 illiyi ilə bağlı keçirilən mərasimdəki tarixi nitqinə də toxunaraq bildirdi ki, həmin çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan gömrüyünün gələcək fəaliyyəti və inkişaf istiqamətlərinin konturlarını müəyyənləşdirdi.
Aydın Əliyev ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və gömrük orqanlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırdı.
Diskussiya şəklində davam edən görüşdə Dövlət Gömrük Komitəsinin sədri gəncləri maraqlandıran suallara ətraflı cavab verib. Aydın Əliyev Dövlət Gömrük Komitəsindəki vakansiyalar və işə qəbul qaydaları ilə bağlı gənclərə geniş məlumat verib.