Oktyabrın 6-da 2 nömrəli Gəncə Peşə Liseyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və şagirdlər iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əsaslı təmir olunan liseyin binasının günün tələblərinə cavab verdiyini və müasir standartlara uyğun avadanlıqlarla təchiz edildiyini bildirib.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev təhsil sahəsində aparılan islahatlardan danışıb. Gənclərin peşə təhsilinə marağının artdığını deyən Famil Mustafayev bu sahədə keyfiyyətin yüksəldiyini və peşə liseyinin məzunları ilə işəgötürənlər arasında əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb.
2 nömrəli Gəncə Peşə Liseyinin direktoru Şahin Məhərrəmov qeyd edib ki, liseydə 9 müxtəlif peşə üzrə kadrlar hazırlanır. 373 şagirdin təhsil aldığı müəssisədə 17 istehsalat təlimi ustası, 20 nəfər pedaqoji və yardımçı heyət fəaliyyət göstərir. Təhsil müəssisəsi 3 korpusdan, 17 sinif otağından, 5 emalatxanadan, 2 laboratoriyadan ibarətdir.
Daha sonra mərasim iştirakçıları təhsil müəssisəsi ilə yaxından tanış olublar.