Gəncə şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “2016-Avropa Gənclər Paytaxtı” çərçivəsində “Gəzən kitabxana III” adlı layihəyə start verib. Ölkə gənclərinin kitab oxumağa marağını artırmaq, onları təmənnasız kitab və elektron kitab vəsaitləri ilə təmin etmək məqsədi ilə yaradılan “Gəzən kitabxana III” layihəsi 2013-cü ildə başlanan eyniadlı layihənin davamıdır.
Layihə çərçivəsində səyyar fəaliyyət göstərən kitabxanada 5 min kitab və 15 min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər nümayiş etdirilir. Təhsil bölməsində isə uşaqlar, şagirdlər, orta ixtisas və ali məktəblərin tələbələri üçün dərsliklər və test imtahanlarına aid kitablar təqdim edilir. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada Azərbaycan, rus, ingilis və türk dillərində nəşrlər mövcuddur. Kitabxana noutbuk, genişekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.
Bölgələrdə oxucu kütləsini maarifləndirmək, onlara yeni nəşr olunmuş ədəbiyyatımızla, Azərbaycan, eyni zamanda dünya miqyasında tanınmış klassiklərin əsərləri ilə tanış olmağa şərait yaradan layihənin üstüörtülü, xüsusi yük maşını Yap Gəncə şəhər Təşkilatının inzibati binasının yanında dayanıb və ətrafına ilk gündən kitab həvəskarlarını toplayıb.
Layihənin baş koordinatoru Zaur Abdullayev bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə açılışı həyata keçirilən “Gəzən kitabxana” layihəsindən 2013-cü ildə 16741 nəfər, 2014-cü ildə 18971 nəfər istifadə edib. Layihə uğurla həyata keçdiyi üçün bu il də davam etdirilməsi qərara alınıb. Oktyabr ayının 10-dan başlayan layihə bu ilin sonuna qədər davam edəcək. “Gəzən kitabxana” dahi Nizami yurdunda 45 gün kitabsevərlərin qonağı olacaq, onlar sevdikləri kitabların surətini pulsuz əldə edə biləcəklər.