2016-cı il Avropanın Gənclər Paytaxtı Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Sənətə çevrilən estetik duyğular” adlı layihə həyata keçirilib. Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalib olan layihənin keçirilməsində əsas məqsəd gənc rəssamları tanıtmaq, onların arasında dostluq və yoldaşlıq münasibətlərinin qurulmasına şərait yaratmaq, “Gəncə 2016- Avropa Gənclər Paytaxtı”-na, “Multikulturalizm ili”nə dəstək verməkdən ibarətdir.
Layihə çərçivəsində Məhsəti Gəncəvi Mərkəzində rəsm sərgisi təşkil olunub. Sərgidə 15 gənc rəssamın 40-a yaxın əsərləri sərgilənib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Nural Səfərali vurğulayıb ki, gənc nəslə öz istedadını müəyyən etməyə, özünü cəmiyyətə təqdim etməyə, ölkəmizin inkişafına töhfə verməyə yardım edən belə layihələr bölgələrdə yaşayan istedadlı və yaradıcı gənclərin tanınmasında mühüm rol oynayır.
Layihənin rəhbəri Cəmilə Kərimova sərgidə nümayiş olunan əsərlərin müəlliflərini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Sonda gənc rəssamlara Sertifikatlar təqdim olunub.