24.10.2016

TQDK Gəncədə seminar keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Gəncədə Azərbaycan dili və riyaziyyat fənləri üzrə 2017-ci ildə 9 illik təhsil bazasından buraxılış imtahanlarının yeni qaydalarına dair müzakirələrə həsr olunan seminar keçirib. Seminarda Gəncə şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, TQDK-nın Gəncə Regional Bölməsinin əhatə etdiyi rayonların Azərbaycan dili və riyaziyyat müəllimləri və KİV nümayəndələri iştirak ediblər.

Seminar iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, hörmət və ehtiram əlaməti olaraq, önünə gül-çiçək dəstələri düzüblər.
Tədbirdə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək, ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanlarının yeni qaydalarından danışıb. Bildirib ki, 9 illik təhsil bazasından buraxılış imtahanları 2 mərhələdə keçiriləcək. Birinci mərhələ fevral – mart aylarında olacaq və sözü gedən fənlərdən açıq test tapşırıqları tətbiq olunacaq. Açıq test tapşırıqlarının nümunələri “Abituriyent” jurnalında qaydalarla birgə dərc olunacaq. Birinci mərhələdə yazı işlərini qiymətləndirmə kifayət qədər vaxt aparacaq. Çünki yazı işlərini markerlər-müəllimlər yoxlayacaq.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri xatırladıb ki, təhsilin məzmununu yeni standartları əsasında formalaşdırmaq məqsədi ilə ötən illər ərzində Azərbaycan Respublikasının ümumi orta təhsil dövlət standartları və ümumi təhsilin konsepsiyası təsdiq edilib. Bu səbəblərə əsasən ibtidai siniflər 1-ci, 4-cü, sonrakı illərdə 5-ci, 9-cu siniflər üçün yeni təhsil proqramları kurikulum işlənib hazırlanıb. Bunun davamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmə konsepsiyası və ümumi təhsil pilləsinin dövlət standartları, proqramları və kurikulumları təsdiq olunub.
Məleykə Abbaszadə onu da qeyd edib ki, 9 illik təhsil bazasından buraxılış imtahanlarının yeni qaydalarına dair müzakirələrlə bağlı seminarlar Bakı şəhərində və regionlarda da davam edəcək. Seminar ilk olaraq dahi Nizami yurdu Gəncədən başladı.
Seminarda həmçinin 2016-cı ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqları, yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış dərsliklər də geniş müzakirə olunub, Azərbaycan dili və riyaziyyat fənnləri üzrə bölmə iclaslarında davam edib.
Azərbaycan dili fənni üzrə bölmə iclasında moderator Afiqə Batıyeva, Saməddin İbrahimov, Riyaziyyat fənni üzrə bölmə iclasında moderatorlar Aydın Qasımov və Oleq Şelaqinov buraxılış imtahanı proqramından, test tapşırığı nümunələrindən və qiymətləndirmə meyarlarından danışıblar.
Qeyd edək ki, ilk olaraq Gəncə şəhərində keçirilən 9 illik təhsil bazasından buraxılış imtahanlarının yeni qaydalarına dair müzakirələrlə bağlı seminarlar Bakı şəhərində və regionlarda da davam edəcək.


Açar sözlər: