Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilən II Azərbaycan Elm Festivalı bu gün Gəncədə yekunlaşıb.
Tədbir iştirakçıları şəhərin baş meydanında ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə rəğbət və ehtiram ifadəsi olaraq təzə-tər gül dəstələri qoyublar.
Sonra Miniatür Kitab Muzeyi ilə tanışlıq olub. Tədbir Gəncə şəhər İcra Hakimiyyətinin böyük zalında davam edib. II Elm Festivalının iştirakçıları “Qədim və Müasir Mədəniyyət Mərkəzi Gəncə” adlı sərgiyə baxıblar. Elmi mütəxəssislərin və tədqiqatçıların kitabları, Gəncə elmi mühitini əks etdirən videoçarx nümayiş olunub.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq, festivalın təşkilatçılarına minnətdarlığını bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin müdrik siyasi kursunu uğurla həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Şeyx Nizami yurdu Gəncə də sürətli inkişaf yolundadır. Həyatımızın bütün sahələrində qazanılan nailiyyətlər elm və təhsilin də yüksəlişinə geniş imkanlar yaradıb, bu istiqamətdə bir sıra layihələr həyata keçirilib. Dahi, mütəfəkkir şair Nizami Gəncəvinin adı ilə dünyada tanınan Gəncədə son illər istifadəyə verilən yeni muzeylər, Heydər Əliyev Mərkəzi, Nizami Muzeyi, Məhsəti Mərkəzi, müasir tipli parklar, keçirilən beynəlxalq tədbirlər, forumlar, festivallar, xarici ölkələrlə əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsi, Avropaya geniş inteqrasiya şəhərimizin mədəni səviyyəsinin yüksəlişindən xəbər verir. Həmçinin dünya ölkələrinin alim və mütəxəssisləri, görkəmli elm xadimləri, elmi müəssisələr arasında yaranan işgüzar münasibətlər inkişaf və tərəqqiyə layiqli töhfələr verir, elmi araşdırmaların uğurlu nəticələrinə, qlobal məsələlərin həllinə şərait yaradır. Bu baxımdan, şəhərimizdə keçirilən II Azərbaycan Elm festivalı çox mühüm, əlamətdar hadisədir və Azərbaqycan elminin inkişafında xüsusi rol oynayacaq.
AMEA-nın Biologiya, Tibb və Aqrar Elmlər Bölməsinin akademik-katibi, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirib ki, ölkəmizdə elm festivallarının keçirilməsi artıq bir ənənəyə çevrilib. Oktyabrın 31-də paytaxt Bakıda öz işinə başlayan II Azərbaycan Elm Festivalı Naxçıvan Muxtar Respublikasında, Sumqayıt, Şəki şəhərlərində keçirilib. Festivalın əsas məqsədi Azərbaycan elminin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə çatdırmaq, müasir elmi bilikləri təbliğ etməkdir. Hazırda ölkəmizdə elmi tərəqqiyə göstərilən diqqət nəticəsində bu sahə gündən-günə inkişaf etməkdədir.Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm və təhsilin inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən olub. Hazırda ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyevin müvafiq sahəyə göstərdiyi xüsusi diqqət və qayğı göz qabağındadır.
“Son illərdə molekulyar biologiya, biotexnologiya sürətlə inkişaf edir. Bu kimi sahələrin inkişafı yeni elm sahələrinin yaranmasına gətirib çıxarır”-akademik Əhliman Əmiraslanov deyib .O, həmçinin müasir reproduktiv sağlamlıq problemlərindən, bu sahədə əldə olunan nailiyyətlərdən bəhs edib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli, AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev, Ümumrusiya Elm Festivalının direktoru, fizika elmləri üzrə fəlsəfə doktoru Leonid Qusev festivalın əhəmiyyətindən danışaraq, elmimizin nailiyyətlərinin təbliğində bu cür tədbirlərin mühüm rolunu xüsusi vurğulayıblar.
Sonda elmin müxtəlif sahələri ilə bağlı yığıncaq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Festival öz işini universitetlərdə bölmə iclasları və görüşlərlə davam etdirəcək.
Festival çərçivəsində iştirakçılar Nizami Gəncəvi Məqbərəsində və Muzeyində, Heydər Əliyev Mərkəzində və Park Kompleksində, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində, “Gəncəçay” park-bulvar kompleksində, Kitab Evində olublar.
II Azərbaycan Elm Festivalı ABŞ-ın məşhur “Acidic Band” musiqi qrupunun maraqlı konsert proqramı ilə yekunlaşıb.