08.11.2016

Bayrağın zirvələrdə dalğalansın, Azərbaycan!

Bayraq milli ləyaqət simvolumuzdur. Onu uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur. Üçrəngli bayrağımız qəhrəman babalarımızın qoyub getdiyi və bizə etibar elədiyi ən böyük, ən qiymətli mirasdır.

Ölkəmizin hər yerində olduğu kimi Gəncə Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən  ümumtəhsil məktəbləri və məktəbdənkənar  təhsil  müəssisələrində də  9 noyabr  Dövlət Bayrağı Günü münasibətilə “Bayraq milli qürurumuzdur”, “Bayrağımızı qoruyaq,  bayrağımızı sevək”, “Yaşat yurdun bayrağını” adlı silsilə tədbirlər, “dəyirmi masa”, konfrans və seminarlar, şeir, mahnı, rəsm, inşa müsabiqələri keçirilmişdir.

Tədbirlərdə  məktəbin pedaqoji kollektivi, şagirdlər, o cümlədən  valideynlər də iştirak etmişlər.

Məktəblilərə Azərbaycan bayrağının  bugünkü günümüzə qədər  keçdiyi tarixi yol  haqqında  məlumat verilmiş, dövlət bayrağının  milli birliyin nişanəsi, mənəvi, siyasi, ideoloji baxımdan bir dövlətin və bir dövləti təşkil edən millətin simvolu, onların mövcudluğunu göstərən rəmz olduğu qeyd edilmişdir.

 Məktəblilərin ifasında Azərbaycan Respublikasının dövlət atributlarından biri olan Dövlət Bayrağına həsr olunmuş kompozisiyalar, bayrağa  həsr edilmiş şeirlər, rəqs nömrələri, mahnılar və səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

 Şagirdlər   üçrəngli   bayrağımız  önündə  and   içərək  bayrağımızın şərəfini hər yerdə qoruyacaqlarına, dünya arenalarında onun ən yüksək zirvələrdə dalğalandıracaqlarına söz vermişlər.

 Təhsil müəssisələrində bayram münasibətilə divar qəzetləri buraxılmış, bukletlər hazırlanmış, məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur.


Açar sözlər: