08.11.2016

Gəncədə “Gənclərin Sağlamlıq Festivalı” keçirilib

“Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsi çərçivəsində Gəncə şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Sağlamlıq Festivalı” keçirilib. Tədbirin əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri fəal, həmçinin sağlam həyat tərzinə həvəsləndirmək olub.

Festivalda Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova, sərbəst güləş ürə Olimpiya çempionu Toğrul Əsgərov, cudo üzrə 2008-ci Pekin Olimpiya Oyunlarının bürünc mükafatçısı Mölud Mirəliyev, sərbəst güləş üzrə Olimpiya  bürünc mükafatçısı Hacı Əliyev, cüdo üzrə Rio 2016 Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov, cudo üzrə Rio 2016 Paralimpiya Oyunlarının çempionu Ramil Qasımov, karate üzrə 2015 Avropa Oyunlarının qalibi, 2014-cü il dünya çempionu Firdovsi Fərzəliyev və şəhər ictimaiəti iştirak edib.

Giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva açaraq festival iştirakçılarını salamlayıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən Sevda Qurbanəliyeva idmançılara sağlamlıq və Vətəni laiqincə təmsil etməyi arzu edib.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova bildirib ki, Nazirliyin təşkilatçılığı ilə ölkəmizin bir çox rayon və şəhərlərində idman və sağlamlıq festivallarının keçirilməsi artıq ənənə halını alıb. Sektor müdiri qeyd edib ki, Gəncə şəhəri 2016-cı il Avropanın Gənclər Paytaxti elan olunması həm ölkəmizin, həm də Gəncənin inkişafının göstəricisi kimi qeyd etmək olar.

Milli Olimpiyada Komitəsinin Marketinq departamentinin rəhbəri Mehman Kərimov festival münasibəti ilə idmançıları təbrik edib. Mehman Kərimov idmançılara yeni nailiyyətlər qazanmağı arzu edib.

Tədbirin idman və bədii hissəsində tanınmış mügənnilər Samirə Allahverdiyeva və Tofiq Hacıyevin musiqi nömrələrindən sonra şən və mütəhərrik oyunlardan ibarət olan estafet yarışında Gəncə şəhərinin şagirdləri iştirak ediblər. Finala vəsiqə qazanmış 2, 17, 27, 38 və 39 saylı məktəblərin komandaları yarışaraq qalibi müəyyən edilib. Hər komandaya şagird və müəllim heyətindən ibarət azarkeş kütləsi dəstək verib.


Açar sözlər: