Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Sumqayıt, Qaradağ şəhərlərindən və Xəzər, Pirallahı, Qubadlı, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarından olan iştirakçıları – IX-XI sinif şagirdləri, eləcə də onları müşayiət edən qrup rəhbərləri və müəllimlər noyabrın 12-də Gəncə şəhərinə gəliblər.
Tur-aksiya iştirakçılarının Gəncə şəhəri ilə tanışlığı Heydər Əliyev Park Kompleksi ilə başlayıb. İştirakçıları Gəncə şəhər Uşaq yaradıcılıq Mərkəsinin balaca rəqqasları qarşılayıb. Rəqqaslar qonaqlar qarşısında maraqlı rəqs nümunələri ilə çıxış ediblər. Sonra Zəfər Tağı önündə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva, icra aparatının və şəhər ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Tur-aksiya iştirakçılarını salamlayan Sevda Qurbanəliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin gələcək inkişafındakı əhəmiyyətindən danışıb. Bildirib ki, tur-aksiya çərçivəsində şagirdlər bir-birindən gözəl məkanlarda olacaq, ölkəmizin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəklər. Sonra şagirdlərə tur-aksiya çərçivəsində gəzəcəkləri məkanlardan bəhs edən Gəncənin bələdçi kitabları paylanılıb. Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini hörmət və ehtiramla anıblar. Aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, xüsusilə Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar.
Qeyd edək ki, noyabrın 13-də şagirdlər şəhərin bütün muzeylərini gəzəcəklər.