Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Sumqayıt, Qaradağ, Xəzər, Pirallahı, Qubadlı, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlıdan olan iştirakçılar noyabrın 13-də Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illər şəhərdə inşa edilən turizm, istirahət və sosial obyektləri ilə tanış olublar.
Maarifləndirici tur-aksiya iştirakçılarının üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi olub. Məktəblilər Nizaminin və şairin valideynlərinin qəbrini ziyarət ediblər.
Şagirdlərə məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə 14-cü əsrdə tikilib. Bu vaxta qədər şairin məzarı üzərində müxtəlif əsrlərdə 4 dəfə türbə tikilsə də onların heç biri bu qədər möhtəşəm və əzəmətli olmayıb. Ümumi hündürlüyü 24 metr olan hazırki türbənin inşasında ən qiymətli tikinti materiallarından olan qırmızı qranitdən istifadə olunub.
Komplekslə tanışlığı davam etdirən şagirdlər türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər.
Daha sonra tur-aksiya iştirakçıları Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinə gəliblər.
Məktəblilərə bildirilib ki, Nizami Gəncəvi Muzeyi hazırda Gəncədə ən çox maraq doğuran, keçmiş irsin, maddi dəyərlərin nümayiş olunduğu mədəni mərkəzlərdən biridir. Adından da bəlli olduğu kimi, muzeydə XII əsr Azərbaycan poeziyasının klassiki, böyük mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən əşyalar, eksponatlar nümayiş olunur.
Müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan “İmamzadə” kompleksi ilə tanışlıq da şagirdlər üçün maraqlı keçib.
Daha sonra tur-aksiya iştirakçıları Heydər Əliyev adına meydanda Ümummilli Liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. Məktəblilər 1606-cı ilin tarixi yadigarları olan Şah Abbas Məscidi, Çökək Hamam, Uğurlu xan Karvansarayı ilə tanış olublar. Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Ziyadoğlunun türbəsini ziyarət ediblər. Burada məktəblilərə məlumat verilib ki, hakimiyyəti XVIII əsrin sonlarına-regionda gərgin beynəlxalq münasibətlər dövrünə təsadüf edən Cavad xanın yadelli istilaçılara qarşı apardığı istiqlaliyyət mübarizəsi bu gün də hər kəs üçün örnəkdir.
Açıq səma altında muzeyi xatırladan Cavad xan küçəsindəki gəzinti də məktəblilərə xoş təsir bağışlayıb. Məktəblilər küçə boyu irəlilədikcə onlara Gəncənin zəngin və çoxəsrlik memarlığının ən gözəl örnəklərinin qorunub saxlandığı, vaxtilə şəhərin mülkədarları və varlı tacirləri tərəfindən inşa edilən imarətlər, tarixi tikililəri haqqında ətraflı məlumat verilib.
Tur-aksiya iştirakçıları daha sonra Məhsəti Gəncəvi adına Mərkəzə, buradan da son olaraq məktəblilər Gəncə çayı ətrafında yeni istifadəyə verilmiş Bulvar Kompleksinə gəliblər.
Məktəblilər Bayraq meydanında 120 metr hündürlükdə dalğalanan Azərbaycan bayrağını seyr edib, ölkənin dövlətçilik tarixindən bəhs edən guşələrə baxıblar.
Tur-aksiya iştirakçıları şəhərlə tanışlıqlarını çay boyunca salınan parklar, xiyabanlar, müxtəlif ictimai iaşə və mədəniyyət obyektləri və əyləncə mərkəzləri ilə tanışlıqla davam etdiriblər.