Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” devizi ilə onların respublikanın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonundan olan təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən 40 nəfər məktəblidən ibarət qrup Gəncə-Şəmkir-Göygöl marşrutu ilə yola düşüblər.
Səbail rayon İcra Hakimiyyətindən verilən məlumata görə, məktəblilərin yola salınması ilə bağlı “Sahil bağı”nda mərasim təşkil olunub. Məktəblilər, onların valideynləri, rayonun orta məktəblərinin kollektivlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Hərbi Dəniz Qüvvələrinin orkestrinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Səbail Rayon İcra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova iştirakçıları salamlayaraq şagirdlərə turun məqsədi barədə məlumat verib, gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır. Turun keçirilməsi ilə bağlı bütün təşkilati məsələlər həll olunub, şagirdləri 4 müəllim və 1 həkim müşayət edir.
Qeyd olunub ki, gənclər Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə və Şah Abbas məscidləri, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına Mərkəz və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və nəfis çörək zavoduna, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl milli parkına ekskursiya edəcəklər. Mərasimdə çıxış edən pelaqoji kollektivlərin nümayəndələri, məktəblilər və onların valideynləri belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə, Prezident İlham Əliyevə minnətdarlıq ediblər. Sonra Səbailli məktəblilər havaya al-əlvan şarlar buraxaraq Səbail rayon İcra Hakimiyyətinin qarşısında şəkil çəkdirib, və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınıblar.