Gəncə Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının təşəbbüsü, təcrübə və karyera şöbəsinin dəstəyi ilə Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə “Uğura gedən ilk addım” adlı seminar keçirilib. Seminarda təcrübə və karyera şöbəsinin müdiri, dosent Mahir Məmmədov, təcrübə rəhbəri, dosent Cabbar Qarayev, təcrübəçi tələbələr, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri Tələbə-Gənclər Təşkilatının sədri Orxan Məmmədov açaraq, təşkilatın fəaliyyəti, həyata keçirilən tədbirlər, layihələr haqqında ətraflı məlumat verib. Qeyd edib ki, orta məktəb şagirdləri ilə də tez-tez əlaqələr yaradılır, onların arasında bilik yarışları keçirlir, şəhərin tarixi yerlərinə ekskursiyalar təşkil edilir. Bu müştərək tədbirlərlə həm tələbə və şagirdlərin asudə vaxtlarının səmərəli keçməsinə şərait yaradır, həm də orta məktəblə ali məktəbin əlaqələrinin möhkəmlənməsinə köməklik göstərir.
Seminar universitetin magistratura şöbəsinin tələbəsi İzzət Rəhimli tərəfindən aparılıb, xüsusən yuxarı sinif şagirdlərinin qazana biləcəyi uğurlar, qarşıya çıxan problemləri və onların aradan qaldırılması kimi məsələlərdən bəhs olunub.
Seminar geniş diskussiya şəraitində davam edib.