29.11.2016

30 №-li tam orta məktəbdə ispan kursant və təlimçilərin xatirəsinə həsr olunmuş muzeyin açılışı olub. 

    Tarixin ağır sınaq illərini, dəhşətli müharibə səhifəsini məğrur xalqımızla bərabər digər xalqlar da yaşayıb. Böyük faciələrlə xatırlanan İkinci dünya müharibəsində sovet ordusu sıralarında başqa xalqların oğul və qızları da qələbə uğrunda mərdliklə döyüşüblər. 1936-1939-cu illərdə şəhərimizdə fəaliyyət göstərən 20 nömrəli təyyarəçilik məktəbinin ispan kursantları və təlimçiləri Moskvanın, Odessanın faşistlərdən azad olunması və Bakı neftinin qorunmasında misilsiz şücaət göstəriblər. 1936-1939-cu illərdə İspaniyada vətəndaş müharibəsi zamanı SSRİ rəhbərliyinin müvafiq qərarına əsasən, bu ölkədəki respublikaçılara dəstək məqsədilə Azərbaycanın Gəncə şəhərində təlim mərkəzi yaradılıb.

    İspaniyanın Aviatorlar Assosiasiyasının təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə ilk təlim qrupunun Azərbaycana səfərinin 80 illiyi və İkinci Dünya müharibəsində Bakının müdafiəsində iştirak etmiş ispan pilotların həlak olmasının 75-ci ildönümü münasibətilə həmin pilotların ailə üzvlərindən bir qrupu Gəncəyə gəlib.

    Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və İspaniyanın Respublikaçı Aviatorlar Assosiasiyasının, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin nümayəndə heyətinin üzvləri, rəsmi şəxslər və ziyalılar baş meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Sonra 30 saylı tam orta məktəbdə ispan kursant və təlimçilərin xatirəsinə həsr olunmuş muzeyin açılışı olub. Qonaqlar burada maraqlı eksponatlarla tanış olublar. Muzeydə 20 saylı hərbi təyyarəçilik məktəbinin fəaliyyəti, tarixi əhəmiyyəti, məktəbi bitirmiş müdavimlər haqqında zəngin və geniş materiallar, mətbuat nümunələri, fotoşəkillər, ispan təyyarəçilərinin geyim forması iştirakçılarda maraq doğurub.
    Tarix elimləri doktoru Həsənbala Sadıqov bildirib ki, 1936-1939-cu illərdə İspaniyada vətəndaş müharibəsi dövründə ikinci respublikaya qarşı Franko rejimi mübarizə aparırıdı. İspaniya təyyarəçiləri, topçuları və dənizçilərinin sayının azlığı ikinci hökuməti müdafiə edən SSRİ hökuməti öz ərazisində olan aviasiya məktəbində müqavilə əsasında təyyarəçilərin hazırlanması qərarını qəbul edib. Bunun nəticəsində Gəncədə 20 nömrəli hərbi təyyarəçilik məktəbi fəaliyyətə başlayıb.
    Ulu öndər Heydər Əliyevin “Vətənimizi müdafiə etməyə çalışan hər bir gənc bizim üçün əziz,qiymətli və dəyərlidir”,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Multikulturalizm Azərbaycan dövlətinin siyasəti və həyat tərzidir” sözlərini xatırladan Həsənbala Sadıqov bu tədbirin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb.
Assosiasiyanın rəhbəri Akilino Mata çıxış edərək, multikultral dəyərlərin nümunəsi olaraq, belə bir muzeyin açılışını, tarixi sənədlərin qorunub saxlanmasını yüksək qiymətləndirib, hər iki xalqın bir-birinə dostluq münasibətlərinin uzun illik tarixə malik olduğunu xatırladıb. Onlara göstərilən diqqət və qayğıya, soydaşlarının əziz xatirəsinə bəslənilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirib: “Əzizlərimizin xatirəsinin bu qonaqpərpər diyarda bu cür sevgi və məhəbbətlə uca tutulması Azərbaycan xalqının, həmçinin gəncəlilərin yüksək mədəniyyətinin və böyüklüyünün göstəriçisidir. Bu duyğular bizi çox qürurlandırdı”.
    Qonaqlar təyyarəçilərə aid özləri ilə gətirdikləri bir sıra sənədləri muzeyə təqdim ediblər. Onlar muzeyin xatirə kitabına ürək sözlərini yazıblar. Məktəbin önündə xatirə şəkilləri çəkilib.
    Sonra qonaqlar ispan təyyarəçilərinin məzarlarını ziyarət etmək üçün Fəxri Xiyabana gəliblər. Gəncə şəhər İcra Hakimiyyəti adından əklil qoyulub. Hərbi orkestrin ifasında İspaniya və Azərbaycan Respublikalarının Dövlət Himni səsləndirilib. İspan təyyarəçilərinin məzarı ziyarət edilib. Bu məqam hər kəsi kövrək və həyəcanlı notlarla duyğulandırıb.
    Təyyarəçi Viçenti Monteyanonun oğlu Luis Monteyano bildirib ki,atasının indi 97 yaşı var. O, dostu Fernander Fourun gözləri qarşısında necə həlak olmasını tez-tez xatırlayır. Buraya gəlməsini çox arzu edirdi. Mən burada gördüklərimi ona danışacam. Çox mütəəssir oldum. Kaş atam gəlib hər şeyi özü görəydi. Bizim doğmalarımıza Azərbaycan xalqı necə isti münasibət göstərir. Bizə isə təşəkkür etmək qalır.
    YAP Gəncə şəhər Təşkilatına gələn tədbir iştirakçıları və qonaqlar burada “Azərbaycan səmasında” sənədli filmini izləyiblər.
    Filmin nümayişindən əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edib. Bildirib ki, 1936-1939-cu illərdə Gəncədə fəaliyyət göstərən hərbi təyyarəçilik məktəbinin 5 buraxılışı olub və burada təhsil alan müdavimlər alman faşistlərinə qarşı igidliklə vuruşublar. 2017-ci ildə məktəbin yaranmasının 80 ili tamam olacaq. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanla İspaniya arasında dostluq əlaqələri ölkə başcısı cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bizim bu görüşümüz də iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə dəyərli töhfə olacaq.
    Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə və göstərdiyi hərtərəfli dəstəyə görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə dərin təşəkkürünü bildirib. Qeyd edib ki, İspaniya və Azərbaycan dostluğu tarixi dostluqdur.     İspan təyyarəçiləri Böyük Vətən müharibəsi illərində Azərbaycan neftinin qorunmasında xüsusi rol oynayıb. Bu vacib iş onlara həvalə edilib. Azərbaycanlı qəhrəman Mehdi Hüseynzadə İspaniyanın işğaldan azad olunmasında xüsusi fərqlənib. O dövrdə təyyarəçi Züleyxa Seyidməmmədovanın qəhrəmanlığı da iki xalqın dostluğunun,sülh uğrunda birgə mübarizəsinin bariz nümunəsidir.

    Sonra qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.


Açar sözlər: