23.12.2016

Kitabsevərlər “kitab qoy-kitab götür” rəflərindən faydalana bilərlər

    Gəncədə kitab oxumaq istəyən, lakin  müxtəlif səbəblərdən onu əldə edə bilməyən insanlara kömək məqsədi ilə “Oxuyan gənclik – sərbəst kitabxana” adlı layihə icra edilir.  Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Kitab Klubunun təşkilati dəstəyi ilə həyata keçirilən  layihə çərçivəsində şəhərin müxtəlif yerlərində kitab rəfləri quraşdırılır. Artıq  üzərinə “kitab qoy-kitab götür” sözləri yazılmış 6 kitab rəfi  Gənclər Evinin, Azərbaycan Dövlət Aqrar Universiteti yataqxanasının və iqtisadiyyat korpusunun, Gəncə Dövlət     Universitetinin, Azərbaycan Texnologiya Universitetinin yanında və   Park-Bulvar Kompleksində yerləşdirilib. Yanvar ayının 20-ə  kimi daha 4 kitab rəfinin şəhərin müxtəlif məkanlarda quraşdırılması nəzərdə tutulub.

Yerləşdirilən kitab rəflərindən hər bir  şəhər sakini günün istənilən saatında istifadə etmək imkanı qazanıb. Onlar açıq havada oxu zalları vəzifəsini yerinə yetirən istirahət yerlərindən faydalanıb, həmçinin “kitab qoy-kitab götür” prinsipi ilə kitabları evdə oxumaq şansı əldə ediblər.

    Layihənin içraçısı Fərrux Rəhimli bildirib ki, layihənin məqsədi internet, sosial şəbəkələrin gənclərin həyatında önəm daşıdığı və onlarda kitab oxumağa marağın azaldığı bir vaxtda gənclərdə kitab oxumağa marağı artırmaq, hansısa bir əsəri oxumaq istəyən, lakin müxtəlif səbəblərdən onu əldə edə bilməyənlərə komək etmək, kitabsevərlərin oxuduqları kitabları başqaları ilə paylaşa bilmələri üçün imkan yaratmaqdır.

    Layihəyə dəstək olmaq istəyənlər kitabları “kitab qoy-kitab götür” kitab rəfinə istənilən kitabı bağışlaya bilərlər.