Gəncə şəhər 22 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Xalidə Nəbiyeva Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə ümumrespublika baxış-müsabiqəsinin qalibi olub. O, ən yaxşı bədii qiraət və şeir ifaçısı nominasiyası üzrə birinci yerə layiq görülüb, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Məktəb rəhbərliyi və sinif yoldaşları Xalidə Nəbiyevanı qazandığı uğur münasibəti ilə təbrik edib, ona daha böyük qalibiyyətlər arzulayıb, onunla qürur duyduqlarını bildiriblər.
Qeyd edək ki, Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqədə Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən ümumi təhsil, məktəbdənkənar təhsil müəssisələrinin 11–17 yaşlı uşaq və gəncləri iştirak ediblər.
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan xalqının dünya şöhrətli dahi şairi Nizami Gəncəvinin yaradıcılığı ilə gənc nəsli incəsənətin müxtəlif sahələri əsasında tanış etmək, onlarda klassik irsə məhəbbət hissi oyatmaq, “Xəmsə”nin süjetləri əsasında təsviri və tətbiqi sənət bacarıqları olan gənc istedadları üzə çıxarmaq, dahi şairin poemalarına musiqi yazmış Azərbaycan bəstəkarlarını tanıtmaq, ifaçılıq qabiliyyətini və xalq mahnılarının təbliğ edilməsini inkişaf etdirməkdən ibarətdir.