02.02.2017

Gəncədə 2 fevral “Gənclər Günü” münasibəti ilə tədbir keçirilib

    Tədbirdə şəhər rəsmiləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak ediblər. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Yığıncaqda gənclərə göstərilən dövlət qayğısından söz açılıb.

    Tədbirdə çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov vurğulayıb ki, 2 fevral “Gənclər Günü” 1997-ci ildə prezident Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunub. Bu günün təntənə ilə qeyd edilməsi Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsidir. İdarə rəisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini vurğulayıb.

    Müşviq Cəfərov bildirib ki, ümumilikdə şəhərdə gənclərin sayı 95.000 nəfərdir. Bu isə şəhər əhalisinin 32%-ni təşkil edir. Gəncədə 6 Tələbə Gənclər Təşkilatı, 5 gənclər klubu, 10-dan şox Gənclər İctimai Birliyi, 17 idman təşkilatı var. Bu təşkilatlar vətəndaş cəmiyyətinin inkişafına öz töhfələrini verir. 2016-cı il ərzində gənclərin iştirakı ilə həyata keçirilən layihələrdə 90.000-ə yaxın gənc iştirak edib.

    Yığıncaqda İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev Azərbaycan gəncliyindən və Gəncə şəhərində gənclər üçün yaradılan imkanlardan söz açıb. O, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezidenti İlham Əliyevin gənclərin inkişafı və onların vətənpərlik ruhunda formalaşması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, dövlət gənclər siyasətinin uğurlu bəhrələrindən, Gəncə gənclərinin qazandığı nailiyyətlərdən söhbət açıb. 2016-cı ildə Gəncə şəhərində gənclərlə bağlı həyata keçirilən çoxsaylı yerli və beynəlxalq tədbirlərdən danışıb. Elnur Rzayev gəncləri bayram münasibəti ilə təbrik edib, onlara daha uğurlu və parlaq gələcək arzulayıb.

    Görüşdə Gəncə ASAN xidmət Mərkəzinin Vətəndaşların qəbulu işinin təşkili sektorunun işçisi Vaqif Əjdərli, YAP Gəncə şəhər Təşkilatının Gənclər Birliyinin üzvü Tehranə Qasımova, GDU-nun TGT sədri Orxan Məmmədov, “Odlar Yurdu” İB-nın sədr müavini Təhminə Cəfərova, Gəncə     AGP- 2016 İB-nin könüllülər üzrə koordinatoru Mobil Qarayev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açıblar.

    Tədbirin sonunda ictimai işlərdə xüsusi fəallıqları ilə seçilən gənclərə “Fəxri Fərman” və qiymətli hədiyyələr təqdim olunub. Bu gənclərdən biri də Gəncə Şəhər Təhsil İdarəsi Metodiki Mərkəzin metodisti Məmmədov Yasin Rafiq oğludu.

    Sonda xatirə şəkli çəkdirilib.