Gəncə şəhər 27 saylı məktəb-liseydə “Qəhrəmanlar və qəhrəmanlıqlar unudulmur!” adlı tədbir keçirilib.Tədbirdə aprel döyüşlərində şəhid olmuş Fərman Əsədlinin ailə üzvləri, şəhər Təhsil İdarəsinin, Nizami və Kəpəz hərbi komisarlıqlarının nümayəndələri, valideyinlər və məktəbin müəllim- şagird kollektivi iştirak ediblər.
Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bildirilib ki, canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazan şəhidlər illər, əsrlər keçsə də xalq tərəfindən heç vaxt unudulmur.
Tədbirdə çıxış edənlər də qeyd ediblər ki, xalqımız Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları gənc nəslə nümunə kimi təqdim edir.
Şəhər Metod Mərkəzin müdiri Söhrab Hacıyev dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısından danışıb, torpaqlarımızın düşmən tapdağından azad olunacağı və şəhidlərimizin qanının yerdə qalmayacağı günün yaxında olduğunu artıq inamla deyə bildiyimizi əminliklə bildirib.
Bədii hissə ilə davam edən tədbir məktəblilərin Vətənə, şəhidlərə həsr etdikləri şeir kompozisiyaları, vətənpərvərlik mahnıları ilə yekunlaşıb.