16.03.2017

Gəncə məktəblilərinin səfəri Şimal bölgəsinədir

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya layihəsi çərçivəsində Gəncə məktəbliləri səhər saatlarında Qəbələ, Şəki və Zaqatala rayonlarına yola düşüblər. Onları Heydər Əliyev Park-kompleksində “Zəfər Tağı” qarşısında şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, rəsmi nümayəndələr, şəhər Təhsil İdarəsinin əməkdaşları və valideynlər yola salıblar.
    Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya şagirdlərin tədrisdə qazandıqları nəzəri bilikləri möhkəmlənəcək, əhval-ruhiyyələri yüksələcək. Xoş səfər təəssüratları isə onların şəxsiyyət kimi inkişafına kömək edəcək, mənəvi zənginliyini artıracaq. 
    Şagirdlər yaz tətili ərəfəsində Qəbələ, Şəki və Zaqatala rayonlarında olacaq, rayonların sosial, mədəni həyatı barədə əyani şəkildə məlumatlandırılacaqlar. Tur-aksiya şagirdlərə ölkə barədə ərtaflı məlumat qazandırmaqla yanaşı, məktəblilər arasında əlaqələrin qurulmasına, onların vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsinə, dünyagörüşünün formalaşdırılmasına, tədrisdə əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsinə müsbət təsir edəcək. Məktəbliləri yola salmağa gələn hər kəs onlara mənalı istirahət, arzulayıb, bu layihənin gənc nəslin ölkəni yaxından tanımasında əvəzsiz rolu olduğunu diqqətə çatdırıblar.