Məlum olduğu kimi, aprelin 22-də bütün dünyada Beynəlxalq Yer Kürəsi Günü qeyd olunur. Bu günü planetimizdə həyat üçün zəruri olan təmiz su, torpaq və hava bayramı da adlandırmaq olar. Gəncə şəhər 24 saylı tam orta məktəbin şagirdləri də bu bayramdan kənarda qalmayıb. Onlar Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş ingilis dilində tədbir keçiriblər. Tədbirdə Yer Kürəsi Gününə həsr olunmuş şeir və mahnılar səslənib, təbiət haqqında təqdimatlar ediblər.
İngilis dili müəllimləri Şəbnəm Nağıyeva, Natəvan Əliyeva və Vəfa Quliyevanın təşəbbüsü ilə hazırlanan tədbirdə qeyd edilib ki, Beynəlxalq Yer Kürəsi Günü bəşəriyyətin diqqətini Yerin ekoloji sisteminin kövrəkliyinə cəlb etmək və insanları ümumi evimiz olan Yer planetinə münasibətdə daha diqqətli olmağa həvəsləndirmək məqsədi daşıyır. Ənənəyə görə, həmin gün planetimizin bütün sakinləri həyət və küçələrin abadlaşdırılmasında, yaşıllaşdırılmasında iştirak edir, müxtəlif ekoloji aksiyaları, tədbirləri dəstəkləyirlər.