26.04.2017

Rəsm əsərləri qiymətləndirilir

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğ edilməsi məqsədilə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən ölkəmizin bütün bölgələrini əhatə edən respublika təsviri sənət müsabiqəsinə başlanılıb.

İki mərhələdən ibarət müsabiqənin ilk mərhələsi aprelin 24–dən 27-dək zonalar üzrə təhsil şöbə və idarələrində keçirilir. 6–17 yaş arası məktəblilərin qatıldığı müsabiqə 6-9, 10-13, 14-17 yaş kateqoriyaları üzrə təşkil edilib.

Müsabiqənin II zona üzrə rəsm əsərləri 24-27 aprel 2017-ci il tarixlərində Gəncə şəhər Təhsil İdarəsində Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin əməkdaşları tərəfindən qiymətləndirilir.

Birinci mərhələdə hər zona üzrə bütün yaş kateqoriyalarında ilk üç yeri tutan əsərlər növbəti mərhələyə vəsiqə qazanacaq. Zonalar üzrə sərgilər təşkil ediləcək.

İkinci mərhələyə təqdim olunan rəsm əsərləri mayın 8-dən 10-dək Təsviri Sənət Qalereyasında qiymətləndiriləcək. Qiymətləndirmə Təhsil Nazirliyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin, “Təhsil” Respublika İdman Mərkəzinin və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən aparılacaq.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.


Açar sözlər: ,