27.04.2017

Mir Cəlal Paşayevin anadan olmasından 109 il keçir

    Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim, Mir Cəlal Paşayevin anadan olmasından 109 il keçir. Bu münasibətlə tədris gününün ilk dərs saatları bütün siniflərdə Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr olundu. Mir Cəlal şəxsiyyətinə həsr olunmuş "Üç zirvənin fatehi" adlı dərsdə Azərbaycan Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri üzrə Dissertasiya Şurasının sədri, professor İbrahim Quliyev, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov kimi mötəbər qonaqlar iştirak etmişlər. Məktəbin qabağında məktəbimizin direktoru Nizami Rzayev, dərs hissə müdiri Afət Cəmilova, məktəbimizin bir neçə müəllimi və şagirdləri tərəfindən qarşılanan qonaqlar şagirdlərimizin ifasıni dinlədikdən sonra Mir Cəlal Paşayevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Daha sonra "Üç zirvənin fatehi" adlı dərsdə şagirdlərlə görüşən Azərbaycan Milli Aviasiya Akademiyasının kafedra müdiri, professor İbrahim Quliyev məktəb rəhbərliyinə və şagirdlərə Mir Cəlal Paşayev şəxsiyyətini özlərinə ideal seçdiklərinə və o ruhda özlərini tərbiyələndirdiklərinə görə dərin təşəkkürünü bildirmiş və Azərbaycanın görkəmli alimi, pedaqoqu, elm və təhsil təşkilatçısı, ictimai xadimi, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Mir Cəlal oğlu Paşayevin salamlarını çatdırmışdır .