Gəncə şəhər 4 saylı tam otra məktəbdə Təhsil Nazirliyinin dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi çərçivəsində təlim keçirilib.
Layihənin əsas məqsədi valideynlərlə uşaqlar arasında effektiv ünsiyyət bacarıqlarının artırılması, aqressivlik, həyəcanlılıq, yalan danışma və digər davranış problemlərinin aradan qaldırılması, uşaqların fərdi xüsusiyyətlərindən asılı olaraq düzgün tərbiyə üsullarının və konstruktiv qarşılıqlı təsiretmə yollarının açıqlanmasıdır.
Professional psixoloqlar tərəfindən aparılan təlim zamanı valideynlərə, şagird və müəllimlərə “Uşaqlarda davranış pozuntuları”, “Uşaqda düzgün davranışı necə formalaşdırmaq olar?” mövzularında məlumat verilib. Qeyd edilib ki, “Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi üçün “Məktəb icmaları”nın rəsmi saytında (WWW.COMMUNITY.AZ) müxtəlif mövzularda olan təlimlər üzrə müəllim, valideyn və şagirdlər arasında sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, “Atam, anam və mən: bir-birimizi necə başa düşə bilərik?” və “Uşaqlarda davranış problemləri” adlı aktual mövzular seçilib. Psixoloqlar bildirilib ki, ailədə yetərincə sevgi, qayğı görməmək, aqressiya yaradan kompyuter oyunları, böyüklərin həddən artıq avtoritar davranışı uşaqlarda davranış pozuntularına səbəb olur. Buna görə də uşaqlara diqqət göstərmək, onları bu hallardan uzaq tutmaq lazımdır.