22.05.2017

Şagirdlər İsrafil Məmmədovun ev-muzeyini ziyarət ediblər

    Gəncədə  şəhər İcra Hakimiyyəti, şəhər Təhsil İdarəsi, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Nizami yurdunun 2017-ci ilin MDB-nin Mədəniyyət Paytaxtı elan olunması, 18 May- Beynəlxalq Muzeylər Günü ilə əlaqədar 15-19 may tarixlərində  “Şəhərimizi tanıyaq!” devizi altında “Muzey həftəsi” layihəsi keçirilir.

    Layihə çərçivəsində 27 saylı məktəb-liseyin II sinif şagirdləri Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev-muzeyini  ziyarət ediblər. Onlar İsrafil Məmmədovun müharibənin ilk günündən cəbhəyə yollandığından, göstərdiyi qəhrəmanlıqdan  xəbər verən eksponatlarla yaxından tanış olublar.     Şagirdlərə bildirilib ki,  22 yaşında Sovet İttifaqı Qıhrəmanı adına layiq görülən  İsrafil Məmmədov döyüşlərin birində 70 alman əsgərini və 3 zabitini məhv edib. Muzeydə İkinci dünya müharibəsində   xalqımızın adına böyük şərəf gətirən həmyerlimizin qısa, mənalı ömrünü əks etdirən 520 eksponat saxlanılır.

    Qəhrəmanın şəxsi əşyaları, cəbhədən yazdığı məktublar, yaxın qohumları ilə birlikdə çəkdirdiyi fotolar, onun haqqında yazılan kitablar və sənədlər şagirdlərin  daha çox  diqqətini çəkib.