Gəncədə Gəncə Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Gəncə Şəhər Təhsil İdarəsinin dəstəyi ilə Milli Mədəniyyət Festivalı keçirilib. Festival Gəncənin 2017-ci il Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı seçilməsi ilə əlaqədar şəhərin ümumtəhsil məktəbləri arasında milli mədəniyyətin təbliği çərçivəsində baş tutub.
Musiqi, şeir, rəsm, rəqs və natiqlik nominasiyaları üzrə təşkil olunan yarışlarda 8-14 yaş arası şagirdlər iştirak edib. 2 ay davam edən seçim turunun sonunda 5 nominasiya üzrə qaliblər müəyyən olunub. Müsabiqənin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Layihənin rəhbəri Nəzrin Allahverdiyeva bildirib ki, layihənin əsas məqsədi mili mədəniyyətimizi təbliğ etmək, istedadlı gənclərin aşkara çıxarmaqdır.