Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Mətin Eynullayev, millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə, şəhərin ümumtəhsil məktəblərinin direktorları, ziyalılar, təhsildə nailiyyətlər əldə etmiş müəllimlər və KİV nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə şəhərin baş meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, hörmət və ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
2016-2017-ci tədris ilində şəhər təhsilində qazanılan uğurlardan bəhs edən videoçarx nümayiş olunub.
Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov “2016/2017-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə edib. Zakir Hüseynov bildirib ki, tədris ilində şagirdlərin sayı 38 min 670 nəfər olub. Onların təlim-tərbiyəsi ilə 3745 nəfər müəllim məşğul olub. Zakir Hüseynov qeyd edib ki, 2003-2011-ci illərdə əgər şəhərimizin 11 məktəbi təmir olunmuşdursa, 2011/2017-ci illərdə 25 məktəb əsaslı təmir olunub, 4 məktəbdə isə yeni korpus, Uşaq Yaradıcılıq Mərkəzi, Gəncə şəhər Təhsil İdarəsinin yeni inzibati binası tikilib.
Ötən tədris ilində 41, 44 və 14 nömrəli tam orta məktəblərin əsaslı təmirindən sonra açılışı olub, İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə və İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada əsaslı təmir işləri başa çatıb, son tamamlanma işləri aprılır.
Təhsil Nazirinin müavini Mətin Eynullayev təhsil işçilərini yeni tədris ili münasibəti ilə təbrik edib. Onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb. Nazir müavini həlli vacib məsələlərlə bağlı fikirlərini bildirərək yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb. Mətin Eynullayev cari ilin “Təhsildə keyfiyyət ili” elan olunmasının məqsəd və mahiyyətindən söz açıb.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfransda çıxış edərək, son illər təhsildə qazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. Şəhərdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işlərdən danışan Elmar Vəliyev keçən tədris ilində buraxılan nöqsanların aradan qaldırılması üçün tapşırıq və tövsiyyələrini verib. Qazanılan uğurlara görə pedaqoji kollektivləri təbrik edən şəhər rəhbəri onlara yeni dərs ilində uğurlar arzulayıb.
Millət vəkili Naqif Həmzəyev bildirib ki, təhsil quruculuğu sahəsində görülən işlərin nəticəsində Azırbaycan gəncləri savadlı, geniş dünyagörüşlü, fiziki cəhətdən sağlam və əsl vətənpərvərlər kimi formalaşırlar. Naqif Həmzəyev təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirib.
Gəncə şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin müdiri Vüsal Məmmədov konfrans iştirakçılarına Nizami yurdunda fəaliyyət göstərən təhsil ocaqlarında aparılan işlər haqqında geniş məlumat verib.
Qəbul imtahanından 700 bal toplamış tələbə Abdulla Əsgərzadə çıxış edərək bildirib ki, bu gün ölkəmizdə gənclərin yaxşı təhsil alması, vətənpərvər böyüməsi üçün hər cür şərait yaradılıb.
4 saylı tam orta məktəbin pilot-təmayül sinfində coğrafiya müəllimi Mehriban Məmmədova, Uşaq Gənclər Fiziki Hazırlıq Klubunun direktoru, Rio-2016 Paraolimpiya, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi Ramil Qasımov, 17 saylı tam orta məktəbin məktəbəhazırlıq qrupunun müəllimi Rahiyyə Qurbanova, MİQ-də yüksək bal toplayaraq 19 saylı tam orta məktəbə informatika fənni müəllimi Gültəkin Cəfərova çıxış edərək, təhsilə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıq ediblər. Gələcək fəaliyyətlərində təhsilə və cəmiyyətimizin inkişafına öz tövhələrini verəcəklərini xüsusi vurğulayıblar.
Konfransın qərarı oxunduqdan sonra iştirakçılar cənab İlham Əliyevə müraciət ünvanlayıblar.