Gəncədə “Bilik günü” təntənə ilə qeyd olunub
Gəncə şəhər M.Mehdizadə adına 4 saylı tam orta məktəbdə “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə keçirilən bayram tədbirində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, ictimaiyyət nümayəndələri, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri girişi sözü ilə açan məktəbin direktoru Əliağa Səfərəliyev “Bilik günü” münasibəti ilə şəhər rəhbərini, qonaqları, pedaqoji kollektivi və şagirdləri təbrik edib. Məktəb direktoru göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan 4 saylı tam orta məktəbin maddi-texniki bazasının daha da gücləndiyini vurğulayan məktəb direktoru keçən tədris ilində məktəbin qazandığı uğurlar barədə ətraflı məlumat verib.
Bildirib ki, ötən tədris ilində məktəbi bitirən 142 nəfər məzundan 132 nəfəri ali məktəbə sənəd verib. Onlardan 90 nəfəri tələbə adını qazanıb. Məzunlardan 11 nəfəri 600-dən yuxarı bal toplayıb.
Məktəbin əməkdar müəllimi Yeganə Səfərova Şagirdləri və müəllimləri təbrik edib. Bu məktəbdə təhsil alan şagirdlərin uğurlarının davamlı olacağına əminliyini bildirib.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki, təhsil quruculuğu sahəsində görülən işlər təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Bu sahədə görülən işlərin nəticəsidir ki, şəhərinin orta ümumtəhsil məktəblərini bitirən məzunlar ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə əldə ediblər. Ali məktəblərə qəbul olanların 222 nəfəri 500-dən yuxarı, 85 nəfəri isə 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərib. 32 nəfərin isə 650-dən yuxarı bal toplaması çox sevindirci haldır. Elmar Vəliyev əldə olunan uğurlara görə bütün təhsil işçilərini təbrik edib və qarşıdakı 2017/2018-ci tədris ilində uğurlar arzulayıb.
Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov kollektivi “Bilik günü” münasibəti ilə təbrik edib. Diqqətə şatdırıb ki, Gəncə şəhər üzrə ümümtəhsil məktəblərinə yeni tədris ilində 4 min 450 birinci qədəm qoyub. 2017/2018-ci tədris ilində 9-cu sinfdə 3000-ə yaxın, 11-ci sinfdə isə 2.300-dən çox şagird təhsil alacaq.
Tədbirdə məktəbin şagirdləri “Bilik günü”nə həsr etdikləri mahnı və rəqsləri təqdim ediblər.
Sonra ilk zəng şagirdləri dərsə səsləyib.