Mütaliə mədəniyyətinin formalaşması üçün yalnız illər deyil, həm də düzgün istiqamətlənmək lazımdır. Xüsusilə də kitabları uşaqlıqdan sevməyin, onlarla dostlaşmağın böyük əhəmiyyəti var.
Şagirdlərdə kitaba maraq yaratmaq, mütaliə etməyə həvəsləndirmək məqsədi ilə Gəncə şəhər 32 saylı tam orta məktəbin 3-cü sinif şagirdləri sinif rəhbəri Rəna Nağıyeva ilə birlikdə məktəbin kitabxanasında olublar. Onlar kitabxanadan kitab götürmək qaydaları ilə tanış olub, kitablar haqqında ətraflı məlumat toplayıblar.
Rəna Nağıyeva bildirib ki, təcrübə göstərir ki, kiçik yaşlardan mütəmadi bədii əsərlər oxuyanlar daha geniş məlumata malik olurlar. Ona görə də uşaqların mütaliəsinə diqqət göstərilməlidir. Onlara kitabları sevdirmək bu yöndə həyata keçirilməli olan işlərin ən ümdəsidir. Bu mənada, valideynlərlə, məktəblərlə bərabər kitabxanaların da üzərinə böyük məsuliyyət düşür.
Kitabxana ilə tanışlıq şagirdlərin xüsusi marağına səbəb olub.
Sonda balaca kitabsevərlər kitabxanaya üzv yazılıblar.