“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Sumqayıt şəhərindən, paytaxtın Xəzər, Pirallahı, Qaradağ, eləcə də Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan iştirakçıları – IX-XI sinif şagirdləri, onları müşayiət edən qrup rəhbərləri və müəllimlər noyabrın 11-də Gəncə şəhərinə gəliblər.
Tur-aksiya iştirakçılarının Gəncə şəhəri ilə tanışlığı Heydər Əliyev Park Kompleksi ilə başlayıb.
Məktəbliləri Zəfər Tağı önündə Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynov, şəhər icra hakimiyyəti aparatının və ictimaiyyətin nümayəndələri, Gəncə Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin rəqs kollektivinin üzvləri qarşılayıblar. Rəqqaslar qonaqlar qarşısında maraqlı rəqs nümunələri ilə çıxış ediblər.
Tur-aksiya iştirakçılarını salamlayan Zakir Hüseynov Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin biliklərinin artırılmasında, dünyagörüşlərinin formalaşmasında əhəmiyyətindən danışıb. Bildirilib ki, tur-aksiya çərçivəsində şagirdlər bir-birindən gözəl məkanlarda olacaq, ölkəmizin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəklər. Həmçinin qədim Gəncənin son illərdə keçdiyi sürətli inkişaf yolu haqqında geniş məlumat toplayacaqlar.
Sonra şagirdlərə tur-aksiya çərçivəsində tanış olacaqları məkanlardan bəhs edən Gəncənin bələdçi kitabları paylanılıb.
Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar.