“Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” layihəsi çərçivəsində 16-17 noyabr 2017-ci il tarixlərində keçirilən “Xalqların qədim irsinin qorunması və təbliğində kitabların rolu” adlı elmi-praktik konfransda MDB-nin iştirakçısı olan dövlətlərin Azərbaycan, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və Tacikistan milli kitabxanalarının nümayəndə heyətləri iştirak edir.
Konfransın açılış mərasimindən əvvəl Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub. Qonaqlar Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva qonaqları salamlayaraq, konfrans iştirakçılarını Azərbaycanın dahi şairi Nizami Gəncəvinin yurdunda görməkdən məmnun olduğunu bildirib. Gəncənin qədim tarixə, mədəniyyətə malik bir şəhər olduğunu diqqətə çatdıram, xanım müavin Gəncənin elm, təhsil və dahi şəxsiyyətləri barədə danışıb. Qeyd edib ki, Gəncə son illərdə bir sıra beynəlxalq layihələrə ev sahibliyi etməklə bu layihələrin uğurla həyata keçirilməsində fərqlənib.
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Fondunun müşaviri Kamal Rəhimov tədbirin təşkilinə və qonaqpərvərliyə görə şəhər rəhbərinə minnətdarlıq ünvanlayıb. Bildirib ki, “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirilib və bu tədbirlər MDB-nin iştirakçısı olan dövlətlərin öz mədəniyyətini nümayiş etdirməsinə geniş imkanlar yaradıb. Kamal Rəhimov vurğulayıb ki, bu ilin dekabr ayında layihənin təntənəli bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulub.
Mədəniyyət və Turizm nazirliyinin kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova çıxışında qonaqlara Azərbaycanda kitabxanaların fəaliyyətinə ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafı ilə bağlı imzalanmış fərman və sərəncamlara nəzər salıb. Sektor müdiri Gəncə şəhər İcra Hakimiyyətinə Azərbaycan kitabxanalarının fəaliyyətinə dair iki cilidli kitab hədiyyə edib.
Rusya Dövlət Kiabxanasının Rusya və MDB kitabxanaları ilə Əlaqələr Departamentinin rəhbəri Raykova Qalina Anatolyevna konfransın təşkilinə və isti münasibətə görə Rusya Dövlət kitabxanasının əməkdaşları və bu tədbirə qatılan həmkarları adından şəhər rəhbərliyinə minnətdarlıq bildirib. Belə gözəl şəhərin möhtəşəm Heydər Əliyev Mərkəzində keçirilən konfransın kitabxana sahəsində çalışan insanlar üçün faydalı olacağını bildirib.
Çıxışlardan sonra “Kitabları hədiyyə edək” aksiyasının təqdimatı olub. Askisya çərçivəsində Gəncənin mədəniyyət və təhsil müəssisələrinə rus dilində nəşr edilmiş müxtəlif kitablar hədiyyə edilib. Sonra elmi-praktik konfrasn iştirakçıları xatirə şəkli çəkdiriblər.
Konfransın rəsmi hissəsinin ardından Azərbaycan, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və Tacikistanın milli kitabxanalarının nümayəndə heyətlərinin iştirakı ilə məruzə və çıxışlar dinlənilib.