06.12.2017

Akademik Həsən Əliyevin 110 illik yubileyi keçirilib

    Gəncə şəhər 6 saylı tam orta məktəbdə Akademik Həsən Əliyevin 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

    Tədbirdə məktəbin müəllim və şagirdləri, Azərbaycan Dövlət Aqrar Universitetinin Ekologiya mühəndisliyi və Meşəçilik fakültəsinin dekanı Zakir İbrahimov iştirak edib.

    Məktəbin direktoru Vəfa Abbasova çıxış edərək, bildirib ki, Həsən Əliyev Cənubi Qafqaz torpaqlarının coğrafiyasının tədqiqinə, Azərbaycanda beynəlxalq bioloji proqramın işlənib hazırlanmasına böyük əmək sərf edib. Görkəmli alimin 1982-ci ildə çap olunan “Həyəcan təbili” kitabında torpaq haqqında dəyərli fikirləri qeyd olunub. Həsən Əliyev Kanada, Yaponiya, Macarıstan, Almaniya, Fransa, Belçika, Amerika Birləşmiş Ştatları, Vyetnam və başqa ölkələrdə konqreslərdə maraqlı məruzələrlə çıxış edib.

    Zakir İbrahimov çıxışında akademik Həsən Əliyevin Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olduğunu bildirib. Akademikin əsas elmi fəaliyyətinin torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika,bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunaraq səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə etdiyini nəzərə çatdıran Zakir İbrahimov Həsən Əliyevin Vətənə və xalqa təmənnasız xidmətləri ilə Azərbaycan elmində, tarixində əbədi iz qoyan şəxsiyyətlər sırasında olduğunu qeyd edib.

    Sonda qonaq şagirdlərin görkəmli alim barədə suallarını cavablandırıb.