06.12.2017

Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram tədbiri

    Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə 3 dekabr- Beynəlxalq Əlillər Gününə həsr edilən tədbir keçirilib.

    Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, “BP Cənubi Qafqaz Boru” kəmərinin maliyyə dəstəyi ilə Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə hazırlanan tədbir Gəncə Dövlət Kukla Teatrında keçirilib.

    Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru Rəzalə Abbasova 2003-ci ildən yaradılan mərkəzdən 12 mindən artıq uşağın yararlandığını bildirib. Həftə ərzində 80-dən çox uşağın fərdi və qrup məşğələlərinə gəldiklərini qeyd edən Rəzalə Abbasova, uşaqların teatr səhnələrində də iştirak edərək özlərinin cəmiyyətin bir hissəsi olduqlarını sübut etdiklərini vurğulayıb.  Rəzalə Abbasova mərkəzdə reabilitasiya keçən uşaqların bir çoxunun artıq normal həyata inteqrasiya edildiyini də diqqətə çatdırıb.

    Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Məmmədov təşkilatçılara təşəkkür edərək, Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.

    Tədbirdə mərkəzdə fəaliyyət göstərən, “Xalq yaradıcılığı” , “Bacarıqlı əllər” dərnəklərinin və Gəncə İƏRM-nın üzvü olan uşaqlar mahnı oxuyub,  rəsm sərgisi nümayiş etdirib, müxtəlif uşaq tamaşalarından səhnəciklər göstərilib, xalq rəqsi, idman hərəkətləri və şeirlərlə çıxış ediblər.

    Sonda xatirə fotosu çəkilib və uşaqlara hədiyyələr təqdim edilib.