Gəncə şəhər 32 saylı tam orta məktəbdə Azərbaycanın görkəmli alimi, ictimai-siyasi dövlət xadimi, Dövlət Mükafatı Laureatı, akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının ideoloji şobəsinin müdiri Hüseyin Budaqov, ADAU- nun ekologiya və meşəçilik kafedrasının müdiri professor Zakir İbrahimov, Gəncə Təhsil İdarəsi Metodiki Mərkəzin müdiri Söhrab Hacıyev, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Məktəbin direktoru Tutu Hüseynova çıxış edərək, dövrünün görkəmli torpaqşünas alimi, akademik Həsən Əliyevin Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində müstəsna xidmətlərindən danışıb.
YAP Gəncə şəhər Təşkilatının ideoloji şobəsinin müdiri Hüseyin Budaqov Azərbaycan təbiətinin, torpağının və suyunun mühafizəsi sahəsində əvəzsiz xidmətlərindən söz açıb. Hüseyn Budaqov qeyd edib ki, Prezident İlham Əliyev bu il fevralın 7-də “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli alim, bacarıqlı elm təşkilatçısı və tanınmış ictimai xadim Həsən Əliyevin 110 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Gəncə şəhərində müxtəlif tədbirlər – konfranslar, sərgilər, görüşlər və seminarlar təşkil edilib.