Şövkət Məmmədovanın 120 illik yubileyi münasibəti ilə məktəblərdə tədbirlər keçirilir.
2017-ci ildə Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Həsən qızı Məmmədovanın 120 illiyi tamam oldu. Azərbaycan Respublikası Prezidentinin “Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında” 11 iyul 2017-ci il tarixli, 3059 nömrəli sərəncamına əsasən məktəbimizdə tədbir keçirildi. Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlayan bu tədbirdə məktəbimizin musiqi müəllimi Süleymanova Xatirə Şövkət Məmmədovanın tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti haqqında geniş məlumat verdi, Şövkət Məmmədovaya aid video çarx nümayiş olundu , istedadlı şagirdlərimiz onun repertuarına daxil olan mahnılar səsləndirdilər, “Arşın mal alan” filmindən bir səhnəni canlandırdılar . Sonda məktəbimizin direktoru Nizami Rzayev tədbirin təşkil olunmasında əməyi olan hər kəsin zəhmətini dəyərləndirərək təşəkkürünü bildirdi .
Məktəbimizdə bu cür tədbirlərin təşkil olunması şagirdlərin bacarıq və qabiliyyətlərinin aşkara çıxardılmasına və nümayiş etdirilməsinə fürsəti yaradır . Bu zaman qurulan hər bir səhnəcik şagirdlərin yaradıcılıq potensialının üzə çıxmasına yönəldilir. Müəllim tərəfindən şagirdlərin tədbirdəki iştirakının rəğbətləndirilməsi isə onlara tədris fənnlərinin öyrənilməsində stimul yaradır.