Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Cümhuriyyətə bir nəzər” adlı bilik yarışı keçirilib.
Yarışın keçirilməsində məqsəd gənc nəslin xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, təbii sərvətləri haqqında biliklərini artırmaq, bu sahədə uşaqları elmi axtarışlara sövq etmək, istedadlı uşaq və gəncləri aşkar etmək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Məktəbin direktoru Nizami Rzayev Prezident cənab İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu xatırladıb, bu münasibətlə keçirilən bilik yarışının əhəmiyyətini qeyd edib. Bildirib ki, “Cümhuriyyətə bir nəzər” adlı bilik yarışının keçirilməsinin şagirdlərimizin milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə edilməsində, onlara Azərbaycanın tarixini, mədəniyyətini, milli irsini öyrətməkdə, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaqda və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdə böyük əhəmiyyəti var.
IX sinif şagirdlərimizin yarışdığı bilik yarışında milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Cümhuriyyətin tarixi haqqında suallar, püşkatma yolu ilə hər bir komandaya Cümhuriyyətin görkəmli şəxsiyyətlərindən biri haqqında danışmaq tapşırığı verilib . Komandaların suallara verdiyi cavablar və yerinə yetirdikləri tapşırıqlar məktəbin tarix müəllimlərindən ibarət olan münsiflər heyəti tərəfindən müvafiq ballarla qiymətləndirilib.
Sonda ilk 3 yerə çıxan komandanın üzvlərinə Fəxri fərman və hədiyyə təqdim edilib.